Mirzə AĞ
Salamlama (və ya, giriş)
Əziz və hörmətli «Mozalan», əvvəla salam! Salamdan sonra, əgər zəhmət çəkib biz tərəfin əhvalını xəbər almaq istəsəniz, bilin - şükürlər olsun Allahın qüdrətinə ki, bu qısa məktubu sizə yazana qədər sağ və salamat varıq. Sizin də sağ və salamat olmağınızı qüdrətli Allahdan durmadan, gecə-gündüz və xüsusi inadkarlıqla arzu edirəm!
Qardaş, siz tərəfdə nə var, nə yox? Havalar necə keçir? Əziz «Mozalan», istəyirəm səmimiyyətimə inanasınız - bu sətirləri məxsusi olaraq gülmək üçün yazdım ki, aramızda pozitiv atmosfer yaransın. İndi isə keçirəm, sözümün «məmmədqulu»suna...
«Məmmədqulu»
Əziz «Mozalan»! Zəhmət çəkib, vaxtınızı sərf edib, mənim «cızmaqara» yazılarımı oxuyub da, onlara dəyərli şərh yazdığınıza görə, Sizə dərin təşəkkürümü bu məktubla ifadə edirəm!
«Suriyada Liviya siyasəti...» başlıqlı məqaləmə yazdığınız şərhi oxuyub da, o saat anladım ki, bu mövzuda əvvəllər yazmış olduğum məqalələri oxumayıbsınız. Odur ki, «Genetik satqınlıq» başlıqlı məqaləmi təkrar dərc etdirmək qərarına gəldim. Biləsiniz ki, publisistika ilə məşğul olmağımın yeganə məqsədi maarifçilikdən başqa bir şey deyil - bacardığım, mütaliə və istedadımın imkan yaratdığı qədərində. Məqamındaca, qeyd etmək istəyirəm ki, bu, hər kəsin haqqıdır və mən, buna hörmətlə yanaşıram...
«Mozalan» müəllim, nəzərinizə çatdırmaq istəyirəm ki, «Suriyada Liviya siyasəti...» başlıqlı məqaləmə yazılmış şərhlərə yazmış olduğum qısa cavabda milçək barədəki atalar məsəlinin personanıza, hər-hansı nisbətdə, aidiyyəti yoxdur. Odur ki, məndən inciməyiniz yersizdir!
Milçək barədəki atalar məsəlini digər şərhçiyə aid etmişdim - o, məni «özü də dərk etmədən sifarişlə yazan jurnalist» adlandırmışdı. Sadəcə, zəiflik göstərib, bu ədalətsiz «epitet»ə mümkün qədər yumşaq cavab vermək istəmişdim. Nəzərinizə çatdırım ki, «Genetik satqınlıq» başlıqlı məqaləyə yazdığım «giriş»də həmin şərhçiyə belə bir cavab da ünvanlamışdım: «Sifarişlə yazan jurnalistin əcdadına lənətlər olsun!» Sadəcə, bu cümlə redaktə qurbanı olub və mətndən düşüb...
«Vağzalı»
Yerdə qalan digər məqamlar-mətləblər barədə, düşünürəm ki, aramızda elə bir antoqonizm yoxdur. Hətta belə deyərdim ki, ikimiz də eyni nəsnəni deyirik - birimiz bu formada, digərimiz də başqa formada. Bu yerdə orta məktəb müəllimim olmuş Əliağa müəllimin vaxtilə bir suala verdiyi cavabı Sizinlə bölüşmək isiəyirəm. Mənim kimi bisavadın biri, amma özünü «oxumuş» kimi göstərməkdən həzz alan bir kəndçimiz Əliağa müəllimdən sonruşur: «Deyə bilərsinizmi, ehtiyac nədir, tələbat nədir?» Çox hazırcavab müəllim gülərək deyir: «İkisidə də «Heyvagülü»dür - biri klarnetin, o birisi isə qara zurnanın ifasında...». Buna uyğun olaraq, diqqətinizə çatdırmaqdan özümü saxlaya bilmirəm - mən, məqalə yazıb, maarifçiliklə məşğulam, Siz isə mənim məqaləmə şərh yazıb da, söz güləşdirməklə (xahiş edirəm, inciməyin!). Yaxşı olardı ki, kiminsə yazdıqlarına «qulp» qoyunca, özünüz məqalə yazıb, fikirlərinizi Azərbaycan cəmiyyəti ilə bölüşəsiniz...
Yazmısınız ki, tanımadığım şəxsi guya, pişiklə müqayisə etmişəm. Əsa belə deyil - bunu yuxarıda yazdım. O ki, qaldı Sizi tanımamağıma, gerçəkdən tanış deyilsiniz - mənim «Mozalan» adlı (və ya ayamalı) tanışım yoxdur. Həm də bu, mənim günahım deyil - Siz özünüzü «Mozalan» kimi təqdim etmisiniz. Amma istənilən halda, Sizinlə tanış olmaqdan məmnun qalardım...
Dərin hörmət və səmimiyyətlə...

Şərhlər