Bunu Ədalət Partiyasının sədr müavini Heydər Oğuz nurçu məktəblərinin SOCAR-ın himayəsinə keçməsinə münasibət bildirərkən deyib. O, Azpolitika.info-ya açıqlamasında fikrini belə əsaslandırıb:
“Samanyolu televiziyasının verdiyi məlumatdan belə çıxır ki, bundan sonra Azərbaycandakı nurçu məktəblərinə SOCAR rəsmən sponsorluq edəcək. Bunu "Çağ Öyrətim" şirkətilə protokol imzalama mərasimində Rövnəq Abdullayev də etiraf edib. SOCAR yetkilisi atdıqları bu addımı neft şirkətinin iqtisadi maraqlarıyla əsaslandırıb. Məlumata görə, SOCAR prezidenti ölkədə yaxşı mütəxəssis çatışmadığını etiraf edib və neft şirkətinin özünə potensial mütəxəssis yetişdirmək üçün "Çağ Öyrətim"in təhsil imkanlarından faydalanmağa ehtiyac duyduğunu və bu səbəbdən də nurçu məktəblərini himayəyə götürdüklərini bildirib.”
Heydər Oğuza görə, Rövnəq Abdullayevin tək başına bu cür qərar qəbul etməsi mümkün deyil: “Görünür, siyasi hakimiyyət özünü təhdid edən bir təhlükəni bu cür metodla zərərsizləşdirməyə çalışır. Fəqət hər hansı bir məktəblər şəbəkəsini ölkənin ən çox imkanlı şirkətinin himayəsinə vermək bir çox baxımdan səhv addımdır.
Əvvəla, ona görə ki, nurçu məktəbləri yalnız neft mütəxəssisi hazırlamır və bu məktəbləri yalnız bu istiqamətdə təşviq etmək də doğru deyil. Neft şirkətinə mütəxəssis lazımdırsa, ADNA-nı himayəyə götürsün.
İkinci, ona görə ki, Azərbaycan təhsil sisteminin bu qədər yarıtmaz olduğu bir zamanda ölkənin yeganə pul gətirən müəssisəsi öz maliyyəsini nurçu məktəblərinə yönəltsə, orta təhsil müəssisələri arasında onsuz da mövcud olmayann fürsət bərabərliyi tam ortadan qalxar və bu da Azərbaycan təhsil sisteminin tamamilə çökməsinə səbəb olar. Zira, nurçu məktəbləri yalnız müəyyən sayda şagird yetişdirmək qabiliyyətinə malikdir və orada əsasən imkanlı ailələrin övladları oxuya bilirlər. Belə çıxır ki, varlı övladlarının onsuz da xeyli yüksək səviyyədə olan təhsil alma imkanları daha da artırılacaq, bunun əvəzində isə imkansız ailələrın uşaqları maddi-texniki baza baxımından müqayisədə daha da gerisalınan təhsil ocaqlarının ümidinə qalacaqlar. Bu isə konstitusiyanın hər kəsə verdiyi keyfiyyətli və pulsuz təhsil almaq hüququnun, fürsət bərabərliyi prinsipinin ciddi şəkildə pozulması deməkdir. Üstəlik, bütün bunlar SOCAR-ın, demək olar ki, indiyə qədər öhdəsinə götürdüyü bütün ictimai öhdəliklərdən imtina etdiyi bir zamanda baş verir.”
"Ədalət" yetkilisi yuxarıda dilə gətirdiyi ehtimalları nəzərə alaraq Neft Şirkətinin nurçu məktəbləri himayəyə götürməsini gələcək nəsillərimizi daha artıq sinifləşdirəcəyindən ehtiyatlanır və bu addımın ölkədə imtiyazlılar elitası yaradacağını bildirir: “Bu isə gələcəkdə ölkəmizin suverenliyi üçün ciddi təhdiddir. Çünki bu gün yüksək keyfiyyətli təhsil alanlar zümrəsi istər-istəməz sabahın idarəçilərinə çevriləcəklər və bu imtiyazlılar elitası isə mənbəyi şübhə doğuran xarici qüvvələrin nəzarətində olacaq”.


Şərhlər