Rusiyanın Qara dənizin dibindən keçməklə Avropaya yeni qaz kəməri çəkmək planı siyasi motivlidir və iqtisadi məntiqə sığmır. Virtualaz.org xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn iki gün əvvəl, martın 29-da Bakıda Cənub Qaz Dəhlizində maraqlı olan ölkələrin nazirlərinin toplantısında iştirakı zamanı “Bloomberg” agentliyinə açıqlamasında verib. Lakin nəyə görəsə agentlik Hokştaynın Bakıda verdiyi anti-Rusiya bəyanatını indi yayıb.
Bir neçə həftə əvvəl Rusiyanın “Qazprom” şirkəti Romada “Edison” və DEPA şirkətləri ilə İTGİ-“Poseidon” qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalayıb. Bu qaz kəməri Yunanıstana, oradan İtaliyaya istiqamət alacaq. İtaliya mətbuatı yazıb ki, bu layihə Azərbaycan qazını Yunanıstan və İtaliya üzərindən Avropaya nəql edəcək və Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəməri layihəsinə birbaşa təhdiddir.
Və nəyə görəsə Bakıda Cənub Qaz Dəhizinə dair toplantının keçirildiyi gün prezident Vladimir Putin “Qazprom” rəhbəri Aleksey Milleri Kremlə çağırıb. Onunla həmin layihənin əhəmiyyəti barədə müzakirə aparıb. Miller məlumat verib ki, İtaliya hökuməti layihəni dəstəkləyir, Yunanıstan da ona müsbət yanaşır.
“Bu siyasi məqsədlər güdən siyasi layihədir”-Amos Hokştayn Rusiyanın Avropaya yeni qaz kəməri çəkmək planlarını şərh edərkən bildirib. “Xüsusən də indiki bazar şərtlərində iqtisadi baxımdan şübhəli görünən, sadəcə siyasi xarakter daşıyan layihələr irəli sürülür” - amerikalı diplomat əlavə edib.
Amos Hokştaynın sözlərinə görə, Avropanın eyni Rusiya yataqlarından qazı götürən, eyni avropalı istehlakçılara çatdıran və on milyardlara dollara başa gələn ayrı-ayrı meqa-layihələrə ehtiyacı yoxdur. “Biz Avropa bazarından Rusiya qazını sıxışdırıb çıxarmağa çalışmırıq. Lakin biz hesab edirik ki, Avropa ölkələrinin təchizatçını seçmək və öz biznes maraqları naminə rəqabət yaratmaq imkanı olmalıdır” - diplomat deyib.


Şərhlər