Menu

Rusiya - Krım - Ukrayna - Qərb düyünü daha da sıxılır

10.03.2014, 14:04
Rusiya - Krım - Ukrayna - Qərb düyünü daha da sıxılır

Ukraynada gərginlik artıb. Hökumət və Rusiya yönlü fəallar bazar günü ölkədə yürüşlər keçiriblər. Şərqi Donetsk şəhərində rusiyapərəst nümayişçilər regional administrasiya binasına gedib, Ukrayna bayrağını çıxarıb, yerinə Rusiyanınkını taxıb.

OBAMA YATSENYUKLA GÖRÜŞƏCƏK

Rəqib düşərgənin yürüşü isə rusiyayönlü fəalların hücum təhlükəsinə görə təxirə salınıb. Müxalifət lideri Vitali Klitschko bu aksiyada çıxış edəcəkdi.

Donetsk yaxınlığındakı Luhanskda Moskva tərəfdarları regional hökumət binasını tutub və qubernatorun istefasını tələb edib. Krım paytaxtı Simperopolda isə minlərlə nümayişçi Rusiyaya qoşulmağa dəstək aksiyası keçirib. Rusiyaya birləşməyin əleyhinə keçirilən yürüşə isə 500 nəfər qatılıb.

ABŞ prezidenti Barack Obama dəstək məqsədilə çərşənbə günü Ukraynanın baş naziri Arseniy Yatsenyuk-la görüşəcək.

“BİRCƏ SANTİMETRİ DƏ VERMƏYƏCƏYİK”

Ağ Evin məlumatına görə, iki lider “Rusiyanın Krıma davam edən hərbi müdaxiləsinin dinc yolla, Ukraynanın suverenliyi və ərazi bütövlüyunə hörmət etməklə həlli”ni müzakirə ediblər.

Onlar həmçinin Ukraynaya beynəlxalq maliyyə dəstəyini müzakirə edəcəklər.

Yatsenyuk bazar günü Kiyevdəki nümayişdə çıxış edib, deyib ki, Ukrayna ərazisinin “bircə santimetrini” də verməyəcək:“Bu, bizim torpağımızdır. Valideynlərimiz və babalarımız bu torpaq uğrunda qan axıdıblar. Ukrayna torpağının bircə santimetrindən də əl çəkməyəcəyik. Qoy Rusiya və Rusiya prezidenti bunu bilsin”.(Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol