Heydər Əliyev təkrarı olmayan böyük şəxsiyyət idi. Onu unutmaq, ürəklərdən çıxarmaq mümkün deyil. Əsrlərə adını həkk edən yeganə dühadır ki, bənzəri bir daha dünyaya gəlməyəcək. O, təkcə prezident olmadı, xalqın dərdini, kədərini qəlbində yaşadaraq, ürəyini bu yolda şam kimi əritdi, xeyirxah əməlləri ilə insanların yaddaşında əyilməz heykəlini ucaldıb haqqın dərgahına qovuşdu. Yenə xalqla birlikdədir.
Elə bilirsən bu dəqiqə, lap indicə yenə görünəcək, xalqa öz öyüd-nəsihətini verəcək, “Küçələrə su səpmişəm” nəğməsini oxuyacaq, yurdunu itirmiş bir qaçqın toyunda əl qaldırıb o ki, var oynayacaq... Hardasan, harada, ey böyük insan! Sən xilaskarı oldun bu vətənin, bu diyarın, yerin görünür, gözlər yenə Səni axtarır. Unutmayacağıq Səni. Sən Uca Allahımızın bizə bəxş etdiyi ən müqəddəs hədiyyəsi idin, qədrin hər zaman bilinəcək, bir də deyirəm; yerin hər zaman görünəcək. Sən, işiqlı bir ziya oldun bu millətin önündə, yerin behişt, məzarın nurla dolsun, ey Böyük Öndər!
Bunlar, sadəcə, mədhiyyə deyil, qəlbimdən sıçrayan səslərdir.
Yadıma bir xatirə düşmüşdü. Elə bu günlə bağlıdır. Qələmə almaq istərkən bu duyğularsız keçinə bilmədim, yazdım, ürəyimi azca da olsa, boşaltmış kimi hiss etdim. Nə isə...
1992-ci ilin dekabr ayının 13-ü idi. İndiki kimi xatırlayıram, rəhmətlik Rafael Allahverdiyev, görkəmli ziyalımız, ömrünün böyük hissəsini Heydər Əliyevin yaratdığı YAP-ın inkişafına həsr etmiş hörmətli Şahlar Əsgərov və bir də bəndəniz Qaradağa yollandıq. Orda bir Yaqub Əliyev vardı. Onunla görüşmək üçün gedirdik. Qaradağda - texniki peşə məktəbində direktor işləyirdi. Bu zamana qədər bir-birimizin üzünü görməmişdik. Ünsiyyətimiz həmən məktəbdən başladı. Yeni Azərbaycan Partiyası təxminən bir ay idi ki, təsis edilmişdi. Yaqub “Əliyevlər Partiyası” adında təşkilatı bu tarixi hadisədən əvvəl yaratmışdı. O zaman üçün belə bir vətənpərvərlik nümayiş etdirməyin nə dərəcədə ağır məsuliyyət və cəsarətli addım olduğunu, məncə, izah etməyə lüzum yoxdur. Rayon Komsomol Komitəsinin II katibi işlədiyi vaxtlardan bu əqidə və Heydər Əliyəvə vurğunluğu ilə rayon ictimaiyyəti arasında nüfuz qazanmışdı. Elə “Əliyevçilər Partiyası”na görə də komsomolda tutduğu II katib vəzifəsindən azad edərək, texniki peşə məktəbinə göndərmişdilər. Bəlkə səhv edirəm, amma təsəvvürümdə belədir ki, texniki peşə məktəbləri cəzalandırılan şəxslər üçün ən “etibarlı” məkan hesab edilirdi. Yaqub da “cəzasını” burada çəkirdi. Rafael Allahverdiyevin məsləhəti ilə Əliyevçi Yaquba YAP-ın rayon təşkilatının təsis olunmasının təşkilati işlərinə rəhbərlik etmək tövsiyyə edildi. Həmin vaxt Yaqubun “Əliyevçilər Partiyası” bir ilk idi. Xeyli də tərəfdar toplamışdı. Beləliklə, onun rəhbərliyi ilə 1993-cü il mart ayının 6-da təsis konfransı keçirildi. Bütün sənədlər, hətta vəsiqə və mandatlar səliqəli şəkildə makinadan çıxarılmışdı. Yaqub maraqlı və diqqəti cəlb edən məruzə ilə çıxış etdi. Həmin konfransda da o, yekdilliklə rayon təşkilatının sədri seçildi. Qədir-qiyməti həmişə uca tutan Ulu Öndər sonralar bu cəsarətini, saf əqidəsini nəzərə alıb, böyük etimad göstərdi, “Əliyevçilər Partiyası”nın liderinə rayon icra hakimiyyətinin başçısı vəzifəsi etibar olundu. O, həm də YAP-ın 1-ci qurultayında partiyanın İdarə Heyətinin üzvü seçildi.
Qaradağdan başlayan dostluğumuz bu günədək davam edir. Hələ inidiyə qədər biri-birimizin qəlbinə toxunacaq bir əmələ imza atmamışıq. Yəqin bundan sonra da bu dost vəfalılığını qoruyub saxlaya biləcəyik.
Əzizim Yaqib, bu gün sənin üçün yaddan çıxmayan bir gündür: 6 mart 1993-cü il. Səni bu gün munasibəti ilə ürəkdən təbrik edirəm. Yazını qələmə almadan öncə professor Şahlar Əsgərovla həmin xatirələrdən danışdıq. O da səni təbrik edir və sənin cəsarətinə böyük önəm verir. Bir daha çəkdiyin zəhmətə görə sənə əhsən deyirəm!


Şərhlər