Vəkil: “Yaxın günlərdə qərardan şikayəti Avropa Məhkəməsinə göndərəcəyik”
Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq səhiyyə naziri Əli İnsanov Bakı Apelyasiya Məhkəməsinin barəsində verdiyi qərardan Avropa Məhkəməsinə şikayət hazırlayır. Bu haqda “Yeni Müsavat”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkil deyib ki, hazırda qərar və qərardan verilən şikayət tərcümə mərhələsindədir: “Yaxın günlərdə qərardan şikayəti Avropa Məhkəməsinə göndərəcəyik”.
Vəkil müvəkkilinin Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinin qanuna uyğun olmadığını dedi. Bildirdi ki, sabiq nazirin əvvəllər saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi Qaradağ rayonu ərazisində yerləşir:
“Əli İnsanov Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində qeydiyyatdadır. Qanunvericiliyə görə, məhkum qeydiyyatda olduğu yaşayış ünvanına yaxın cəzaçəkmə müəssisəsinə yerləşdirilməlidir. Buna görə də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə və Bakı İstintaq Təcridxanasının rəisinə məktubla müraciət etdik. Onlardan xahiş etdik ki, Əli İnsanovu qeydiyyatda olduğu yerə yaxın cəzaçəkmə müəssisələrindən birinə köçürsünlər. Çünki ailə üzvləri onun yanına gedib-gələndə əziyyət çəkirlər. Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşdüm. Rəis dedi ki, ərizəyə baxılıb və Əli İnsanov Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdiriləcək. O bildirdi ki, Binəqədi rayonuna daha yaxın olan 10 saylı Cəzaçəkmə Müəssisəsində sıxlıqdır, ona görə də Əli İnsanov 2 saylı müəssisəyə köçürüləcək. Əli İnsanovu evinə yaxın olan 6 saylı Cəzaçəkmə Müəssisəsinə də köçürə bilərlər. Amma nədənsə 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürmək istəyirlər”.
Qeyd edək ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, dövlət çevrilişinə cəhd ittihamı ilə tutularaq sonradan iqtisadi cinayətkarlıq ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb.
Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılması ilə əlaqədar Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasına köçürülüb. 2014-cü ilin fevralında Bakı Apelyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb. Proses başa çatdığına görə Əli İnsanov istintaq təcridxanasından yenidən cəzaçəkmə müəssisəsinə köçürülməlidir.

Şərhlər