Xarici KİV-in yaydığı məlumata görə, gələcəkdə ABŞ, Çin və Rusiya arasında rəqabət güclənəcək ki, bu da qarşıdurmaya gətirib çıxara bilər. «AR» agentliyinin məlumatına görə, belə proqnozla kəşfiyyat üzrə ABŞ Milli şurasının məruzə müəllifləri çıxış ediblər. Məruzədə siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri üzrə əsas tendensiyalar qiymətləndirilib (TASS).
ABŞ Milli kəşfiyyatı direktorunun İdarəsinə daxil olan təşkilatların ekspertləri hesab edirlər ki, dünyada həm də sosial və dini ziddiyyətlər kəskinləşəcək, Afrika ölkələrində, Yaxın Şərqin və Asiyanın ayrı-ayrı rayonlarında ekstremist təşkilatlar öz mövqelərini möhkəmlədəcəklər.
Kəşfiyyat üzrə Milli şuranın əməkdaşları onu da proqnoz edirlər ki, texnologiyaların inkişafı hökumətlər və ayrı-ayrı vətəndaşlar üçün informasiya təhlükəsizliyinin təmin olunması, şəxsi həyat və intellektual mülkiyyət hüquqları, sənayedə innovasiyaların tətbiqi nəticəsində iş yerlərinin itirilməsi kimi problemlər yaradacaq.
«Yeni və ahənginə görə, bədbin sayıla biləcək bu məruzə yaxın 5 ildə və sonrakı mərhələdə dünyada zəif iqtisadi yüksəlişi, siyasi müstəvidə təlatümləri və bu gün başlanmış işlərə inamsızlığı proqnoz edir» - deyə, «AR» qeyd edir.
Dörd ildən bir hazırlanan və prezidentə göndərilən məruzə Texas ştatında (Ostində) konfrans səviyyəsində müzakirə olunur. «AR» agentliyinin məlumatına görə, məruzənin hazırlanması zamanı kəşfiyyat üzrə Milli şuranın strateji qiymətləndirmə qrupunun direktoru Süzen Fray və onun 10 nəfər həmkarı 2014-cü ildən üzübəri dünyanın 30 ölkəsinə səfər edərək, ayrı-ayrı sosial təbəqənin 1800-dən çox nümayəndəsi ilə inkişafın perspektivlərini müzakirə ediblər.
Kəşfiyyat üzrə Milli şuranın yeni məruzəsi ABŞ-da prezident seçkiləri günü (noyabrın 8-i) ilə yeni seçilmiş prezidentin inauqurasiya günü (20 yanvar 2017-ci il) aralığında dərc olunacaq.
AzPolitika.info


Şərhlər