"Ölkə rəhbərliyinin etimadını doğrultmayan icra başçılarının işdən çıxarılması üçün qovluqlar hazırlanır". Bu barədə müsavat.com-un yaydığı məlumatda bildirilir. Yazıda daha sonra bildirilir:
"Belə başçılar sırasında ilk yerlərdə Masallının icra başçısı Rafil Hüseynov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Füzulinin icra başçısı Alı Alıyev, Şirvanın icra başçısı Mərdan Camalov, Goranboyun icra başçısı Nizaməddin Quliyev, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Zərdabın icra başçısı Lütfəli Babayev, Ağcabədinin icra başçısı Şahin Məmmədov qərarlaşıblar.
Ötən ilin sonlarından etibarən hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar vardı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək. Artıq proses başlayıb. Ləng də olsa icra başçılarını vəzifədən çıxarırlar.
Adlarını sadaladığımız icra başçıları ölkə rəhbərliyinin etimadını doğruldub xalqın güzəranını dirçəltmək, sahibkarlara fəaliyyət göstərmələri üçün şərait yaratmaq əvəzinə rayonlarda sosial-iqtisadi durumu ağırlaşdırıblar. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait ən müxtəlif maxinasiyalarla mənimsənilib, başçıların şəxsi biznesinə yatırılıb.


R.Hüseynovun rayondakı çörək zavoduna şərik olmasını bilməyən yoxdur. İcra başçısı bir müddət əvvəl rayon ərazisində çörək monopoliyası yaratmaq üçün təndirxanaları və çörək sexlərini bağlatdırmağa girişmişdi. Gündəlik 5-10 manat qazancları əllərindən çıxan çörəkçilərin ciddi etirazları Bakıya çatandan sonra R.Hüseynovun inhisarçılığının qarşısı alındı.
Barələrində qovluqlar toplanan başçıların iş prinsipləri demək olar ki, bir-birini təkrarlayır. Mərkəzi büdcədən rayon büdcələrinə ayrılan vəsait mənimsənilir, əvəzində sahibkarlardan xərac toplanılması, şəxsi maraqların təmin olunmasına yönəlik addımlar atılır. Bu əməllər rayonlarda elə belə də ağır olan sosial-iqtisadi durumu dözülməz həddə qədər ağırlaşdırır. Görünən odur ki, icra başçılarının “təmizlənməsi” prosesi başladılıb. Yerlərdəki “balaca padşah”lar tutduqları vəzifələrdən çıxarılırlar. Qalır yeni kadrların əvvəlki qaydalarla işləməkdən imtina edib xalqın güzəranını yaxşılaşdırmağa yönəlik işlər görməyə, sahibkarlara şərait yaratmağa həvəs göstərmələri. Yalnız bu halda yeni təyinat alan başçılar ölkə rəhbərliyinin etimadını doğrulda bilərlər.

Şərhlər
Salam