Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 31 saylı binanın sakinlərinin həyatı təhlükədədir.
Bu barədə AzNews.az-a vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, bina sakinləri məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Sakinlər müraciətdə bildiriblər ki, binanın 21 saylı mənzili hansısa məmur tərəfindən alınıb və bundan sonra bina qəzalı vəziyyətə düşüb: “Hansısa məmur 2 ilə yaxındır ki, 21 saylı mənzili Rəna Ələsgərova adlı xanımın adına alıb. Bundan sonra bütün tikinti normalarını və prinsiplərini kobud surətdə pozaraq binanın yükdaşıyıcı divarlarını söküb, qazıntı işləri aparıb, daxili arakəsmə divarları söküb, mövcud pəncərə oyuqlarının ölçülərini böyüdüb və əlavə qapı açıb. Binamızın altını qeyri-yaşayış sahəsinə çevirməklə, ara kəsmələrsiz, dayaqlarsız mağaza tikib (“Vakko Outlet” mağazası). Bu məqsədlə o binamızın bütün yükdaşıyan dirəklərini söküb. Biz həmin binanın üst mərtəbəsində yaşayırıq. Faktiki olaraq mənzilimizin altında 119.9 kv/m dirəksiz, yükdaşıyan divarları olmayan sahə yaranıb və bizim ev daim uçmaq təhlükəsi ilə üz-üzədir”.
Sakinlərin sözlərinə görə, mənzillərin divarları, tavanı və döşəmə hissəsi artıq uçmağa başlayıb, böyük çatlar yaranıb: “Bir yüngül təkanlı zəlzələ bəs edər ki, həmin bina yerlə bir olsun. Bununla bağlı biz hər yerə şikayətlər etdik. Lakin, bizim şikayətlərimizi araşdırmadılar və şikayətlərimiz onu araşdırmalı orqanların gəlir mənbəyinə çevrildi. Nəticədə bütün orqanlar öz maraqlarını təmin edərək bizim həyatımızı təhlükədə qoydular. Biz Nəsimi rayon Məhkəməsinə müraciət etdik. Nəsimi rayon Məhkəməsi də bizim əleyhimizə qərar qəbul etdi. Hazırda apellyasiya şikayətimiz Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır”.
Bina sakinləri düşünür ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəsisi qərəzli rəy verərək onların həyatını təhlükəyə atıb.



Şərhlər