Menu

"Ziya Məmmədovun qohumu bayramımızı qara gətirir" - ŞİKAYƏT

19.03.2016, 15:54
"Ziya Məmmədovun qohumu bayramımızı qara gətirir" - ŞİKAYƏT

Ucar rayon sakini Nərgiz İsayeva "AzPolitika.info" saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət edib. Həmin müraciəti qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:

"Mən İsayeva Nərgiz Aburrəhman qızı mətbuat vasitəsi ilə ölkə prezidenti İlham Əliyev cənablarına və Mehriban Əliyevaya müraciət edərək bildirirəm ki, Ziya Məmmədovun qohumları bayramımızı qara gətirirlər.

Övladım İsayev Əlibaba Ağaəli oğlu uzun illərdi ki, ağ ciyər xəstəsidir. Vərəm xəstəliyi üzündən indi ölüm yatağındadır.

Ucar rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Zeynal Bayramlı və Təranə həkim övladımın müayinə və müalicəsindən imtina edirlər. "İynə, dərmanlarımız yoxdur, get başqa yerə" deyirlər.

Övladım yataqdadır, onu Bakıya aparmaq üçün təcili yardım maşınına isə məndən pul istəyirlər. Zeynal həkimin yanına getdim ki, övladıma köməklik göstərilsin.

Zeynal həkim isə "sən nə həyasız, əxlaqsız adamsan, əl çək bizdən" deyib məni təhqir etdi. Bu haqda rayon rəhbərinin qəbulunda oldum. Mənsur müəllimə dərdimi danışdım. Bundan sonra bizə icra hakimiyyəti binasında dərman preparatları verildi. Ancaq övladıma ciddi həkim nəzarəti lazımdır. Xəstəxanaya yerləşdirilməsindən, müayinə və müalicəsindən isə baş həkim və Təranə həkim imtina edir. Deyirlər ki pul ödəməliyəm . Bundən əlavə övladımın əlillik dərəcəsi alması üçün lazim olan sənədləri verməkdən də əsassız olaraq imtina edirlər.

Cənab Prezident, bu baş həkim o dərəcəyə çatıb ki, artıq ölüm ayağında olan xəstəyə dərmanı rayon rəhbəri tapıb verir. Ancaq həkim müayinədən boyun qaçırır. Bu insanın etdiyi haqsızlıqlara isə rayonda heç kəs dayan deyə bilmir. Çünki Ziya Məmmədov onun qohumudur.

Cənab Prezident, mən yaşlı bir ana kimi Sizi bu Novruz bayramı münasibəti ilə təbrik edirəm. Ancaq Siz də bilin ki, bizim bayramımız qara gəlib, övladım ölüm yatağındadır.

Xahiş edirəm iki az yaşlı uşaq atası olan övladımın təcili olaraq həkim nəzarətinə alınmasına yardım edəsiniz (Əlaqə telefonu: 055 889 35 56)".

P.S. Səhiyyə Nazirliyinin və baş həkimin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol