Xarici KİV-in məlumatına görə, Almaniya Federativ Respulikası (AFR) hərbi-hava qüvvələrinin «Tornado» kəşfiyyatçı təyyarələri Suriya və İraqın hava məkanında 134 uçuş həyata keçiriblər. Onlar burada «İslam dövləti» (İD) terrorçu qruplaşması ilə mübarizə missiyasında iştirak edirlər. Bu barədə AFR müdafiə nazirliyi xəbər verib (TASS).
İdarə qeyd edir ki, uçuşların 60 faizi İraq səmasında, 40 faizi isə Suriyanın hava məkanında həyata keçirilib. Ümumilikdə, uçuşların müddəti 402 saat təşkil edib. Əldə olunan məlumatlar İD ilə mübarizə üzrə beynəlxalq koalisiyaya təqdim olunur. Bu məlumatların bombardmanlar üçün istifadə olunub-olunmaması və bombardmanlar nəticəsində mülki əhalinin həlak olub-olmaması barədə məlumat verilmir.
«Bu barədə hökumətin əlində özəl məlumat yoxdur» - deyə, müdafiə nazirliyi qeyd edib.
Məlumat üçün bildirək ki, AFR-in hərbi-hava qüvvələri ötən il yanvarın 8-dən başlayaraq Suriya və İraqdakı əməliyyatlarda iştirak edir. Hal-hazırda bu əməliyyatlara AFR-in 6 kəşfiyyatçı təyyarəsi cəlb edilib. Təyyarələr Türkiyənin İncirlik bazasında dislokasiya olunub.
AzPolitika.info


Şərhlər