Cütlüklər toy üçün əsasən İstanbulun Bosfor boğazında yerləşən otel və restoranları seçirlər.
Yazın gəlişi ilə toy mövsümü də canlanır. Mövsümdə canlanma yarandığı bir zamanda Türkiyədə toylarla bağlı maraqlı bir məqalə hazırlanıb. Bu sahənin ən gəlirli müştəriləri açıqlanıb. Onların arasında azərbaycanlılar da var. Azərbaycanın ən yaxşı tərəfdaşı olan ölkədə toy etmək istəyən azərbaycanlılar qonaqların sayından asılı olaraq 500 min dollara qədər pul xərcləyirlər. Anspress-in məlumatına görə, bu barədə “Daily Sabah” qəzeti Türkiyədə dəbdəbəli toy mərasimləri ilə bağlı dərc etdiyi məqalədə qeyd edib.
Türkiyədə azərbaycanlılarla yanaşı Rusiya, İran, Hindistan və hətta Avropa ölkələrinin imkanlı ailələrinin toy etdiyi bildirilir. Məqalədə qeyd edilir ki, xarici vətəndaşların Türkiyədə toy mərasimləri təşkil etməsi üçün çox sayda məkan var.

Xaricilər toy etmək üçün İstanbulun Qalata qülləsində, dəbdəbəli “Kempinski” otelində, “Çırağan” sarayında, Qızıl Buynuz ərazisində, Esma Sultan sarayında və digər tarixi yerlərdə də sifariş verirlər. İzmirdə isə onlar Egey dənizinin sahilindəki otelləri, Saime Sultan malikanəsini, başqa məşhur məkanları seçirlər.
Toylar dənizin ortasında yerləşən otellərdə də təşkil oluna bilər. Amma belə dəbdəbəli toy mərasimləri üçün külli miqdarda pul xərcləmək lazım gəlir. Rusiya, İran, Hindistan zənginləri 200-500 min dollar arası pul xərcləsələr də avropalı sifarişçilər az qonaq çağırdıqları üçün 50-150 min dollar arasında xərc çəkirlər.



Şərhlər