Bakıda facebook vasitəsi ilə mitinq təyin olunub. Martın 15-i saat 16:00-da Azadlıq meydanında ölkədəki sosial ədalətsizliklərə və siyasi azadlıqların məhdudlaşdırılmasına etiraz olaraq aksiya keçirilməsi qərara alınıb.
Bununla bağlı facebookda yaradılan səhifədə mitinqə çağırış olunub və nümayişin heç bir siyasi təşkilat tərəfindən təşkil olunmadığı vurğulanıb. Həmin səhifədə bunlar yazılıb: “”Sovetski" sakinlərinin aksiyası dağıdıldı. Hakimiyyət vətəndaşların maraqlarını təmin etməməkdə israrlıdır. Sonra metroda bir tikə çörək qazananların iş yerləri əlindən alınmağa başlandı.
Bundan əlavə, AXCP-nin qərargahında “terror” aktı, fəallarının həbsi həyata keçirilib. Vətəndaşlar arasında qorxu yaratmaq öz iqtidarını qorumaq istəyindən irəli gəlir.
Bu səbəbdən hər kəsi mübarizəyə səsləyirəm. Kütləvi aksiyalar dalğasına start verməyin vaxtıdır. Aksiya heç bir siyasi təşkilat tərəfindən təşkil olunmayıb. Hər kəs özünün lideri olsun. Hər bir vətəndaş meydana gəlib qanunsuzluqlara “BƏSDİR!” desin".
Qeyd edək ki, müxalifət partiyalarının gənclər təşkilatları aksiyanın təşkilatçısını bilmədiklərindən qatılmayacaqlar.


Şərhlər