Qusar rayon məhkəməsi vətəndaşı, rayon prokurorluğu isə başçını müdafiə edir
Qusar rayon sakini Hacımirzə Ağamirzəyev "AzPolitika.info" saytına rayon İcra Hakimiyyəti ilə bağlı şikayət məktubu göndərib. O, Qusar rayon İcra Hakimiyyəti Başçısının məhkəmənin qərarı olmadan, xüsusi mülkiyyətində olan evini sükdürdüyünü, bununla da cinayətə yol verdiyini iddia edir. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:

Əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim xüsusi mülkiyyətimdə olan evim 02.06.2010-cu il tarixdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun şifahi tapşırığı əsasında, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, razılığım alınmadan və hətta iştirakım təmin olunmadan sökülmüşdür."
Hacımirzə Ağamirzəyevin yazdığına görə, söküntüyə rəhbərliyi icra hakimiyyətinin əməkdaşları Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov və Mahir Mustafayev həyata keçirib. Evin sökülməsində isə Samur-Həzrə yolunun tikintisinə ezam olunmuş, Abşeron rayonu Novxanı kənd sakini Hümbətov Polad Səfər oğlunun idarə etdiyi, Tale.A.T. şirkətinə məxsus ekskavatordan istifadə edilib. Bu zaman onun bütün əmlakı da məhv edilib: "Evimi zorla sökməklə, bütün əmlakım qəsdən məhv edilməklə, seyfdə saxladığım 30 000 manat, 800 ABŞ dolları pulum oğurlanmaqla, Azərbaycan Respublikası CM nin 157,177,186.2.1, 308 və 309 cu maddələrində nəzərdə tutulan cinayət tərkibli hərəkət edilmişdir".

Təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə organlarının qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş zərər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsinin vəsaiti hesabından 1700 manat pul vəsaiti təzminat şəklində mənə ödənilmişdir.

02.06.2010-cu ildən etibarən Azərbaycan Respublikasının bütün rəhbər organlarına müraciət etsəm də, bütün müraciətlərim aidiyyatı üzrə icra edilməsi üçün Qusar rayon İcra Hakimiyətinə və Qusar rayon Prokurorluğuna göndərilib. Onlar isə icra etməyərək, arxivə göndəriblər".
Hacımirzə Ağamirzəyev müraciətlərinin dəfələrlə KİV-də də işıqlandırıldığını, televiziyalarda süjetlər verildiyini, ancaq nəticəsiz qaldığını bildirir: Evimin qanunsuz sökülməsi ilə əlaqədar mənə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə Qusar RİH-nə qarşı 332 000 manat dəyərində mülki iddia qaldırmışam. Hazırda da məhkəmə baxışları davam etməkdədir.
Xüsusi evimi qəsdən sökməklə cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Qusar rayon Prokurorluğuna da müraciət etmişəm. Müraciətim Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsində qeyri-obyektiv araşdırılıb. Evimi qəsdən sökməklə cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət hərəkətləri bilərəkdən müdafiə edilməklə, təhqiqatçı Xəqani Dadaşovun 17.11.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib.

Qusar rayon prokuroru Zahid Vəliyev Qusar rayon Məhkəməsinin 23.12 2015-ci il tarixli qərarından narazı olduğu üçün, həmin qərardan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına protest, yəni şikayət verməklə, Qusar rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarının ləğv edilməsini xahış edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası protestə baxaraq, protesti təmin etmədən, 01.02.2016-cı il tarixli qərarı ilə, Qusar rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarı dəyişdirmədən öz qüvvəsində saxlayıb.
Göründüyü kimi, Qusar rayon prokuroru Zahid Vəliyev Azərbaycan Respublikasının qanunvericilik tələblərinə zidd olaraq, zərərçəkmiş vətəndaşın pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, qanunsuz hərəkət etməklə bütün əmlakımı məhv edən vəzifəli şəxslərin cinayət hərəkətlərini müdafiə etməkdən əl çəkmir. Qusar rayon icra başçısı Şair Alxasov və İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri törətdikləri qanunsuz hərəkətlərə görə, qanunvericilik tələblərinə əsaslanmaqla, cinayət məsuliyyətinə cəlb edilməlidirlər".
P.S. Məktubda göstərilənlərlə bağlı Qusar rayon icra başçısı Şair Alxasovun və İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər