Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, narazı metro ticarətçiləri ilə BŞİH rəhbərliyi arasınd keçirilən görüş nəticəsiz və uğursuz qalıb. Bu barədə şikayətçilərin nümayəndələri müxbirimizə danışıblar. Onların dediyinə görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib.
Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər.
***
AzPolitika.info-nun məlumatına görə, bu dəqiqələrdə metro ticarətçiləri ilə Hacıbala Abutalıbovun görüşü başlayıb.
**
"Elmlər Akademiyası" metrstansiyasının ətrafı polislər tərəfindən əhatəyə alınıb. Bu barədə musavat.com-un sözügedən məkanda olan əməkdaşı xəbər verib.
Polislərin buraya səfərbər olunmasının səbəbi obyektləri bağlanan metro ticarətçilərinin Meropoliten İdarəsinin binası qarşısında planlaşdırdıqları aksiya ilə bağlıdır.
Dünəndən bəri etiraza qalxan ticarətçilərin bu və ya digər məkanlarda aksiya keçirəcəkləri barədə söz-söhbətlər dolaşır və polis qüvvələri ehtimal olunan aksiya məkanlarının hamısını nəzarətdə saxlayır.
Aksiyada saxlanası şəxsləri polis bölmələrinə daşımaq üçün avtobuslar da gətirilib. Ancaq hələ ki, aksiya iştirakçıları görünmür.
Metro tunellərində alver edən ticarətçilər bu gün səhər saatlarında öz şikayətlərini Prezident Adminstrasiyasında səlahiyyətli şəxslərdən birinə bildirmək üçün Prezident Sarayına gəliblər. Administrasiyada onların nümayəndələrini hələlik adı çəkilməyən bir məmur qəbul edib. Bir saatdan artıq çəkən görüşdə yekun qərar bundan ibarət olub ki, onlar BŞİH-ə getsinlər də problemlərini orada bildirsinlər. Satış obyektlərinin bağlanmasına etiraz olaraq ayağa qalxan metro ticarətçilərini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşə gediblər.
Bundan sonra təxminən 200 nəfər şikayətçi BŞİH binasına yürüş ediblər.
Narazı metro ticarətçiləri artıq Bakı Şəhər İcra Hakimiyyətindədirlər. Onları binaya buraxsalar da, görüşdə jurnalistlərin iştirakına imkan verilməyib.






Şərhlər