Medvedyev isə İrəvana gedəcək - xeyir ola?
Mirzə AĞ
Xəbər verildiyi kimi, aprelin əvvəlində Rusiyanın xarici işlər naziri Lavrov-Kələntərovun Bakıya, baş nazir Dmirtri Medevedyevin isə İrəvana səfəri gözlənilir. İstər-istəməz düşünməli olursan - əcəba, Putin bu «uşaqlar»ı Cənubi Qafqazın müharibə tərəfləri olan Azərbaycana və Azərbaycan torpaqlarında yaradılmış «Ermənistan Respublikası»na nə üçün göndərir - özü də yazağı-sinxron? Xeyir ola?
Tarixi təcrübəyə və əldə olan məlumatların təhlilinə əsaslanıb da, əminliklə söyləmək olar ki, Azərbaycanın bu səfərlərdən faydalı bir nəticə gözləməsi sadəlövhlük olardı - ən azı, Qarabağ probleminin ədalətli həlli məsələsinə yönəlik.
Nədən ki, əvvəla, bu problemi elə Rusiya özü yaradıb və indiyə qədər də onunla faydalı-uğurlu manipulyasiya edir.
İkincisi isə Lavrov-Kələntərovun Bakıda aparacağı «profilaktik söhbət»in anonsunu Putinin təlxəyi Jirinovksi artıq verib: «Ermənitsan və Azərbaycan heç vaxt Qarabağ barədə razılığa gələ bilməyəcək (oxu - Rusiya buna imkan verməyəcək - M.A) Ona görə, Qarabağı da Rusiyanın tərkibinə qatmaq lazımdır. O zaman ermənilər də İNCİMƏYƏCƏK (seçmə mənimdir - M.A). Azərbaycan da bununla BARIŞMALI OLACAQ (seçmə mənimdir - M.A.), çünki Qarabağ Ermənistana qalmayacaq, Rusiyanın tərkibinə keçəcək...»
Ritoikaya diqqət yetirdinizmi? Bu dəmdəməki Qarabağa yönəlik danışıqlarda Ermənistanın əsla incidilməyəcəyindən, Azərbaycanın isə barışığa məcbur ediləcəyindən dəm vurur - ay sənin özün köpəsən, Jirik! Belədə, əminliklə söyləmək olar ki, Medevedyev ermənilərin könlünü almaq üçün İrəvana yollanır, Lavrov-Kələntərov isə Azərbaycanı «güzəşt»lərə məcbur etmək üçün Bakıya səfərə hazırlaşır...
Bu «kaşa»nın digər «inqrediyent»ləri də var ki, yeri gəldikcə barəsində söhbət açacam. İndi isə belə bir ritorik (həm də Rusiya elitası arasında dəbdə olan) suala cavab axtarışına baş vurmaq pis olmazdı: «Bəs, Lavrov-Kələntərovun Bakıya gətirəcəyi qutunun içində nə olacaq?».
Bu məqamda, ABŞ dövlət katibi C.Kerrinin son səfəri zamanı Moskvaya gətirdiyi qutunu xatırlamaq yerinə düşər. Qutunun içindəki nəsnə cənab Putini yamanca maraqlandırmışdı və o, gözləməyə səbri çatmadığından, soruşmuşdu: «Alver üçün pul gətirmisən?». Amma bundan bir qədər əvvəl xəbər verilmişdi ki, cənab Kerri gitarasını da özü ilə Moskvaya aparıb. Bu nüanslar açıq-aydın göstərir ki, cənab Putin son zamanlar xeyli hövsələsiz olub. Amma Kerri onu əməlli-başlı sakitləşdirə bildi - təkbətək görüz zamanı məlum qutudakı gitaranı çıxarıb, Rusiya prezidenti üçün gözəl bir «lambada» ifa etdi...
Bəs, gitarda «lambada» ifasının nəticəsi nə oldu? Cənab Putin görünməmiş tələskənliklə Lavrov-Kələntərovu Bakıya, Medvedyevi isə İrəvana göndərmək qərarı verdi. Paralellərə diqqət yetirib də soruşmaq yerinə düşərdi: Bəs, Kələntərov qutudan nə çıxardacaq?
Məsələ burasındadır ki, bu sualın cavabı dəvənin əyri boynundan zınqırov asılmış kimi bir «öncəgörmə»dir - əlbəttə ki, KLARNET! Axı erməni klarneti yamanca sevir. Məsələn, Zeynəb Xanlarovanın ansamblında Vəli Qədimov klarnetdə «14-ü» oyun havasını ifa edən dəqiqələrdə ermənilər kütləvi rəqs edərdilər! Elə indinin özündə də Yengibar klarnetdə «hörstop» çalanda, Ermənistan ayağa qalxır...
O da məlumdur ki, cənab Lavrov-Kələntərov dəfələrlə kamera qarşısında etiraf edib ki, damarlarından axan qan «təmiz erməni qanı»dır. Hərçənd, təmiz erməni qanı olmur (buna əmin olmaq üçün Veliçkonun «Qafqaz» əsərində erməni qanı barədə yazdıqlarını oxumaq kifayət edər!), amma bu cənabın «erməni qanlı» olması onun erməni xasiyyətli-mentalitetli olduğunu iddia etmək üçün yetərincə əsas verir. Məsələn, ermənilər klarneti bunca sevirsə, Lavrov-Kələntərov nə üçün sevməsin? Bax, bu məntiqlə, söyləmək olar ki, Kələntərovun qutusundan klarnet çıxacaq!
Bəs, Lavrov-Kələntərov həmkarı Elmar Məmmədyarov üçün hansı rəqsi ifa edəcək? Birmənalı cavab vermək çətin olsa da, bütün əsaslarla ehtimal etmək olar ki, Kələntərov klarnetdə məhz erməni «havası» (təxminən belə: darilit-dirilit-darilit...) çalacaq. Aydandır ki, Elmar müəllim erməni rəqsinə oynamaq isəməyəcək və Kələntərovun hərəkətlərindən incik düşərək, üz-gözünü turşutmaqla (hər kəs üfunət qoxusundan üz-gözünü turşutduğu kimi!), narazılığını ifadə edəcək. Bu isə Lavrov-Kələntərovu narazı salacaq və o, ərəb həmkarına ünvanlı söylədiyi qeyri-senzur ifadəni burada da işlədəcək: «Debilı»!
İndi isə qayıdaq «medved məsələsi»nə - əcəba, Putinin baş naziri Serjiklə nədən danışacaq? Rəsmi məlumatlarda deyilir ki, Medvedyev İrəvanla bir sıra müqavilələr bağlayacaq və s. Amma hamı bilir ki, bütün bunlar diqqət yayındırmaq üçün nəzərdə tutulmuş cəfəngiyyatdır, vəssalam! Gerçəkdə isə əminliklə söyləmək olar ki, Medvedyev Serjiklə «Türkiyə-Rusiya» münasibətlərini müzakirə edəcək və Türkiyə əleyhinə ona müvafiq təlimatlar verəcək. Belə düşünməyə yetərincə əsas var...
Məsələn, hələ bu ilin fevral ayında Rusiya Dövlət Dumasının deputatı Oleq Paxolkov uzun susqunluqdan sonra Rusiyanın Türkiyəyə qarşı ərazi iddiasını səsləndirib. O, deyib ki, iddianı Rusiya dövləti adından səsləndirmək bu dövlətin beynəlxalq nüfuzuna zərbə vura bilər: «Türkiyə ilə dostluq və qardaşlıq haqqında 1921-ci ildə imzalanmış Moskva müqaviləni denons etmək üçün Dövlət Dumasında təklif verməyin vaxtı artıq yetişib. Çünki o, sərfəli deyil, Ankara isə son zamanlar özünü pis aparır. Bu prosesdə Ermənistan bizi dəstəkləyəcək. Bu denonsun hüquqi qüvvəsinın olub-olmayacağı məlum deyil, amma bizim ərazi iddiaları və narazılığımız - bu düzdür...».
Bu mülahizələrdən çıxış edərək, əminliklə söyləmək olar ki, Medvedyevin İrəvana səfərindən azacıq sonra Serjik və «erməni xoru» gecə-gündüz «Böyük ermənistan torpaqları»ndan danışıb, Türkiyənin bir sıra vilayətlərinə iddialar irəli sürəcək. Görünür, Putinlə son görüşü zamanı ABŞ dövlət katibi Kerri də buna öz dövləti adından razılıq verib...
Bütün bunları götür-qoy etdikdən sonra isə mənciyəz bu qənatə gəldim: məndən olsa, bu Lavrov-Kələntərovu Azərbaycana buraxmazdım -qoltuğuna Artur Rəsi-zadənin məşhur xiyarından bir zorbasını verib, eləcə aeroportdan geri qaytarardım!!!

Şərhlər