Xarici KİV-in məlumatına görə, Çexiyanın prezidenti Miloş Zeman və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin çərşənbə axşamı iki ölkənin strateji tərəfdaşlığı barədə müqavilə imzalayıb. Sənəd, ticarət-iqtisadi və maliyyə-investisiya sahələri üzrə prioritet münasibətlərin qurulmasını nəzərdə tutur (TASS).
«Təkcə cari ildə Çexiya respublikasının iqtisadiyyatına yatırılan Çin sərmayəsinin həcmi 95,0 milyard krona (4 milyard dollar) çatdırılacaq» - deyə, Zeman jurnalistlərə bildirib. Prezident eyni zamanda, Çin iqtisadiyyatına Çexiyanın kapital qoyuluşunun artacağını da gözləyir. Onun sözlərinə görə, Çexiyanın «Şkoda» avtomobil istehsalı konserni yaxın 5 ildə Çin iqtisadiyyatına 60,0 milyard kron (2,4 milyard dollara yaxın) sərmayə yatıracaq.
«Mən istərdim ki, Çexiya ÇXR üçün Avropa İttifaqının darvazasına çevrilsin» - deyə, Zeman qeyd edib.
Çin lideri də öz növbəsində, Pekin və Praqa arasında praqmatik əməkdaşlığın dərinləşməsi və qarşılıqlı fəaliyyətin güclənməsinin tərəfdarı olduğunu dilə gətirib. ÇXR sədri bundan başqa, iki ölkənin və hər iki bölgənin hökumət orqanları və siyasi partiyaları arasında təmasların aktivlədirilməsinə çağırış edib.
AzPolitika.info


Şərhlər