Menu

Bir-biriylə əlaqəsi olmayan üç Avropa böhranı

30.03.2016, 17:21
Bir-biriylə əlaqəsi olmayan üç Avropa böhranı

Hal-hazırda Avropa üç böhranla qarşılaşıb.

Birincisi - təhlükəsizlik böhranı və ekstremizmin vüsət almasıdır. 22 martda Brüsseldə baş verən terror aktından sonra, biz növbəti dəfə buna əmin olduq.

İkincisi - köçkünlər böhranıdır. Yüz minlərlə köçkün və qaçıqın cənubdan Avropa qitəsinə axın edir. Avropa Birliyinin başlıca mübahisəsi, bu prosesin hansı yolla qarşısının alınmasından ibarətdir.

Üçüncüsü - Avropanın bir çox ölkələrini siyasi böhran bürüyüb. Ənənəvi olaraq, daima güclü hesab edilən sol və sağ mərkəzçi partiyalar, daha radikal və ifrat millətçi siyasi qruplar qarşısında öz mövqelərini itirirlər.

Əgər bu üç böhrana axıdılmış qanların prizmasından baxarıqsa, onda belə təsəvvür yarana bilər ki, onların hamısı vahid və iri miqyaslı böhranın tərkib hissəsidir. Hazırda terrorizm, köçkünlər və siyasət bir yerdə birləşib. Lakin ilk baxışda ümumi mənzərənin bu cür görünməsinə baxmayaraq, onlar arasında birbaşa əlaqə yoxdur.

Birincisi, ekstremizm böhranı birbaşa köçkünlər böhranı ilə bağlı deyil.

Belçikada terror törədənlərin heç biri indiki köçkün dalğası nəticəsində bu ölkəyə gəlməyiblər. Son onillikdə Parisdə və Londondakı kimi iri şəhərlərdə törədilmiş terror aktlarının təşkilatçıları və icraçılarının hamısı, əsas etibarı ilə dindar olmayan ailələrdə böyümüş avropalılardır. Onların əksəriyyəti Avropa qitəsinin sosial və mədəni həyatına heç də pis inteqrasiya olunmayıblar.

Çox təəccüblüsü odur ki, Brüsseldəki Molenbek rayonundan çıxan avropalı cihadçılar öz əcdadlarının Mərakeş mədəniyyəti ilə çox az maraqlanırlar. Bu adamlar xalis Avropa fenomenidirlər. Normal təhsil almayan bu cür miskin cinayətkarlar, ekstremizmlə mədəniyyət vasitəsilə deyil, həbsxanada tanış olurlar. İş ondadır ki, Suriyalı qaçqınlar ekstremizlə ünsiyyət qurmaq istəmirlər. Digər tərəfdən isə ekstremistlər nəinki qaçqınlarla əlaqəli deyillər, hətta onlara qarşıdırlar.

İkincisi - terrorizm böhranı Avropadakı hər hansı bir siyasi və mədəni ənənənin məhsulu deyil.

Qərbi Avropa ölkələrində cihadçı terrorizmin səviyyəsinin rekord həddə aşağı düşdüyü, təxminən 2006-2012–ci illər arasındakı dövrü diqqətlə öyrənmək lazımdır: bu illər ərzində əksər ölkələrdə bir dəfə də olsun terror aktı baş verməyib. Qərb ölkələri üçün terrorizm, İraq müharibəsinin əvvələrindən, yəni 2003-cü ildən ciddi təhlükə olmağa başlamışdı. 2005-ci ilin sonlarında bu fenomen praktik olaraq, itmişdi. Ancaq sonradan, əsas etibarı ilə 2014-cü ildən terrorizm yenidən alovlandı. Bu, ona şahidlik edir ki, terroçuluğun yüksəlişi heç də Avropanın daxilindəki demoqrafik vəziyyətlə bağlı deyil.

Terrorizm üzrə ekspert Uil Makkants yazır: “Qərb ölkələri cihadçıların apardıqları müharibələrdə iştirak etdikcə, cihadçılar da Qərbə qarşı müharibə aparacaqlar. Bu, indiki siyasətin dəyişdirilməsi üçün səbəb olmasa da, amma hadisələr Qərbi Avropanın qayğısız günlərinin sona çatmasını xatırladır”.

İndi gəncləri ekstremist olmağa məcbur edən, inteqrasiyaya əngəl törədən baryerlərin götürülməsinin vacibliyini düşünmək lazımdır. Lakin onu da etiraf etmək lazımdır ki, terrorçuların rəhbər tutduqları motivlərin yetişməsi Avropa və ya onun mədəniyyəti ilə bağlı deyil.

Üçüncüsü – siyasi böhranın Avropadakı hadisələrin əks reaksiyası nəticəsində yarandığını söyləmək olmaz.

Köçkünlərə qarşı qətiyyətlə çıxan ifrat sağ partiyalar seçkilər zamanı bir çox ölkələrdə artıq üçüncü yeri tutublar. Radikal partiyalar yerli əhalinin Avropa qitəsinin müsəlman, yəhudi, slavyan və digər qrupların axınına məruz qalacağı qorxusu üzərindən xal yığırlar. İfrat sağçılar köçkünləri, öz sivilizasiyalarına təhlükə hesab edirlər.

Ancaq bu partiyalar Avropanın əsas kütləsindən qopmuş vəziyyətdədirlər. Praktik olaraq, onların bütün seçiciləri, köçkünlərin az məskunlaşdığı ətraf rayonlarda yaşayırlar. Ümumiyyətlə isə radikal partiyalarla böyük səs yığa bilmirlər. Bu partiyaların populyarlığı, iri mərkəzçi partiyaların populyarlığının azalmasıdan başqa, digər hər hansı bir tendensiyadan asılı olmayaraq, son 40 il ərzində yavaş-yavaş artıb.

Onların başlıca əfsanəsi illuziyaya əsaslanır. Avropanın müsəlman əhalisinin sayı 19 milyondur və heç də çox deyil. Onların sayı ləng şəkildə artır (qaçqın və köçkünlər dalğası statistik vəziyyətin əhəmiyyətli dərəcədə dəyişilməsi üçün xeyli azdır). Lakin müsəlmanlar şəhərlərdə yaşadıqları üçün həmişə göz önündədirlər, onların ekstremist meyilləri daimi olaraq mətbuatdakı məlumatların baş rubrikasındadır. Ona görə də, seçicilərdə, sanki onların sayının əsl həqiqətdə beş dəfə çox olması təsəvvürü yaranır. Aydın şəkildə alovlanan zorakılıq hadisələri ümumi mənzərəni elə hala salır ki, seçicilər heç bir əlaqəsi olmayan hadisələr arasında bağlar görməyə məcbur qalırlar.

(“The Globe and Mail” - Kanada)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol