Menu

Müxalifətdən hakimiyyətə və ordumuza tam dəstək - "Düşmənə elə dərs verin ki..."

03.04.2016, 01:38
Müxalifətdən hakimiyyətə və ordumuza tam dəstək - "Düşmənə elə dərs verin ki..."

Dünən gecədən başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən döyüşlərə müxalifət liderləri də münasibət bildirib. Müxalifət partiyalarının rəhbərləri “Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi yoxdur” mövqeyindən çıxış edərək, hökumətə tam dəstək nümayiş etdiriblər.

Belə ki, AXCP sədri Əli Kərimlinin feysbuk statusunda hakimiyyətə cağırış edərək, ordumuza hər cür dəstək verməyə hazır olduqların bəyan edib: “Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik. Müdafiə nazirimiz deyirdi ki, elə ilk toqquşmada düşmən qüvvələrinin 70 faizini məhv edə bilərik. Biz nazirimizə inanmaq istəyirik. Onun bu sözlərinin reallaşmasını arzulayırıq. Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər”.

AXCP sədri ardınca bildirib: “Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq”.

Ə.Kərimli ardınca tərəfdarlarına müraciət edib:

“1. Hökumətin fəaliyyətinə olan çoxsaylı və ciddi iradlarımıza rəğmən cəbhədə qızğın döyüşlər davam edən müddətdə hökumətin hərb siyasətini, ordu quruculuğundakı səhvlərini təftiş etməyəcəyik.

2. Çalışacağıq ki, orduda ruh düşkünlüyü və inamsızlıq, mülki əhalidə panika yarada biləcək məlumat və mülahizələr yayılmasın.

3. İmkanımız çatan bütün vasitələrlə erməni işğalçılığını beynəlxalq səviyyədə ifşa edəcəyik.

4. Bugünlərdə təbliğatımız əsgər və zabitlərimizdə yüksək döyüş ovqatı, xalqımızda qələbə əzmi yaratmağa xidmət edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin!

Allah əsgər və zabitlərimizi qorusun!”

Müsavat Partiyasının başqanı Arif Hacılı da feysbuk statusunda ordumuza hər cür dəstək verməyə hazır olduqlarını bildirib: “Tərtər, Füzuli və digər bölgələrimizdə yaranan hərbi gərginliklə bağlı vəziyyəti narahatlıqla izləyirik. Baş verənlər bu gün Müsavatın Məclisində də ətraflı müzakirə olunub. Məlumat mübadiləsi apardıq, hərbi əməliyyatlar şəraitində üzərimizə düşən görəvləri bir daha dəqiqləşdirdik. Məclisin toplantısına Tərtərdən olan nümayəndələrimiz qatılmamışdılar. Onlar indiki məqamda rayondan çıxa bilməzdilər. Bizimlə yalnız telefonla əlaqə qurub, baş verənlərlə əlaqədar bizi məlumatlandırır, rayon ərazisində öz vətəndaşlıq borclarını yerin yetirirlər”.

Partiya sədri daha sonra yazıb: “Müsavat Partiyası olaraq Ordumuza uğurlar arzulayırıq. İstər döyüş əməliyyatlarında iştirak etmək, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza hər cür dəstək verməyə, xalqımızın səfərbərliyi üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Vətən sağ olsun!”

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol