Xarici KİV-in yaydığı məlumata görə, Avstriyanın prezidenti Hayns Fişer Türkiyə silahlı qüvvələri tərəfindən ölkənin hava sərhədini pozmuş Rusiya təyyarəsinin (Su-24 qırıcısı) vurulması faktını anlaya bilmədiyini dilə gətirib (TASS).
Belə ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Avstriya prezidenti Su-24 qırıcısının vurulmasını «gözlənilməz və tamamilə başa düşülməz» adlandırıb.
Fişer söyləyib ki, Putinlə görüşü zamanı «Rusiya təyyarəsini vurmuş Türkiyənin həmin gözlənilməz və tamamilə qeyri-müəyyən hərəkəti nəticəsində» mürəkkəbləşmiş Rusiya-Türkiyə münasibətlərinə toxunulub.
Avstriya dövlətinin başçısı onu da əlavə edib ki, Moskvadakı danışıqların gedişində Astriya tərəfi bu mövzuda «çoxlu informasiya» əldə edib və «öz mövqeyini dərinləşdirib».
Bir atalar məsəlində deyildiyi kimi, «At ölüb, itin bayramıdır...». İndi Avropanın əksər ölkələri Türkiyə-Rusiya münasibətlərində yaranmış soyuqluq fonunda, Rusiyaya yarınmaq üçün dəridən-qabıqdan çıxır, Putinin xoşuna gəlmək üçün Türkiyə əleyhinə «sarsaq» bəyanatlar verir - yaranmış vəziyyətdən maksimum divident əldə etmək uğrunda yarışa çıxırlar. Hətta elə təsəvvür yaranır ki, Rusiyaya qarşı sanksiylar tətbiq edən onlar deyilmiş. Sanksiyaların qüvvədə olduğu bir vaxtda Avropa liderlərinin bir-birinin ardınca Moskvaya ayaq döyməsi açıq şəkildə göstərir ki, onların sanksiyaları da özləri kimi «riyakar» mahiyyətlidir...
Bu sıradan, Avstriya prezidentinin davranışı xüsusilə diqqəti çəkir və əməlli-başlı ikrah doğurur. Məsələn, sanksiyaların qüvvədə olduğu günlərdə Moskvaya ayaq döyən və «anlaqsız olduğu»nu dilə gətirən Avstriya prezidenti nədənsə unudur ki, yarım əsr bundan əvvəl Rusiyanın altını-üstünə çevirmiş faşist diktator Adolf Hitler elə Avstriya vətəndaşı olub. Məgər Rusiya bunu unuda bilərmi?
İkincisi, Fişer Türkiyənin hava sərhədini pozmuş Rusiya qırıcısını məhv edilməsinin səbəblərini anlaya bilmirsə, bir qədər gözləməli olacaq ki, Rusiyanın bir neçə qırıcı-bombardmançı təyyarəsi Avstriya ilə qonşu olan ölkələrdən hansısa birinin ərazisini bombalayıb dönərkən, Avstriya səmasında bir müddət pələsək vursun. Düşünürəm ki, cənab Fişer o zaman həri şeyi anlamaq zorunda qalacaq, inşallah!
Digər tərəfdən, anlaqsızlıq azarından qurtulmaq istiqamətində Avstriya prezidentinə bir «təcrübə» də kömək ola bilər. Məsələn, Rusiya təyyarə və gəmilərinin Baltikyanı dövlətlərin sərhədlərini nəinki pozması, hətta sərhədlərə bir qədər yaxınlaşması hallarında həmin dövlətlərin özlərinin, ümumilikdə isə NATO-nun keçirdiyi həyacanlı anları, tələsik bəyanatları cənab Fişerin yadına salmaq pis olmazdı.
Amma deyəsən Avstriya xalqının bəxti əməlli-başlı gətirib - Fişer kimi anlaqsız prezidentləri var! Tanrı bu anlaqsızı avstriyalılara çox görməsin...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər