Aztəminatlı əhali üçün çoxmənzilli yaşayış binalarının tikintisinə özəl tikinti şirkətləri cəlb ediləcək.
"Marja"nın məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəyyən edilib ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilməlidir.
“MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir.
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların tikinti işlərini aparacaq podratçılarla bağlanacaq müqavilənin yerinə yetirilməsinin təminatı məqsədi ilə işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və podratçılarla bağlanılan müqavilədə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.
Qeyd edək ki, “MİDA” MMC Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır.
“MİDA” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcək.


Şərhlər