...müqəddəsliyə qovuşan insanlardır

Məmməd Əlizadə

Bəşər tarixinin səhifələrini gözdən keçirsək görərik ki, bütün ölkə vətəndaşları azadlıq, müstəqillik, tapdaqsız həyat uğrunda ciddi və uzun sürən mübarizə aparmışlar. Elə bir ölkə tapılmaz ki, onun sakini olduğu xalq azad nəfəs alaraq sərbəst yaşamaq üçün,  hər hansı bir təsirə, təzyiqə, təqibə qarşı ardıcıl mübarizə, müharibə aparmış olmasın. Ona görə ki, təbiətin özü də sərbəst inkişaf etməyi hər şeydən üstün tutur. Belə olan halda şüurlu insan təbiəti dərindən dərk edərək, onun inkişafına uyğun olaraq həyat tərzi yaşamağa məcbur olmamalıdırmı? Belə də deyək ki, azad nəfəs alan təbiət insana ilkin olaraq  bir gün də olsa heç bir kənar  təbii hadisəyə məruz qalmadan  yaşamağı öyrədir!

Milli bütövlüyün, milli  müstəqilliyin təminatçısı  olan ölkə    vətəndaşları  daxili siyasətin  sirrini heç bir yad düşüncələrə açmadan azad yaşamaq üçün  mübarizə aparmağı heç vaxt yaddan çıxarmamışdır. Milli tariximizi özündə əks etdirən abidələrimiz bu fikirlərimizi təsdiq edən vəsaitlərdəndir.

Turan adlı Ata Yurdumuzun sərkərdləri  illər, əsrlər boyu bu coğrafi ərazinin  yurddaşlarını  heç vaxt, heç bir ölkənin əsarətində əzilərək ömür yaşamağa imkan verməmişlər. Bu əməlləri ilə  türk milli qürurunun möhtəşəmliyini təstiq etmişlər. Bu barədə zaman-zaman deyilmişdir. Lakin yığcam şəkildə belə bir  fikri  oxucuların diqqətinə çatdırmaq vacibdir ki, bir günlük azad yaşamaq, rahat nəfəs almaq əlli illik əsarətdə inildəməkdən qat-qat üstündür. Elə buna görə də türk milli qürurunun, mənəvi, əxlaqı dəyərlərinin sərbəst, azad yaşadılması üçün ulu babalarımızın apardığı mübarizələr, hətta apardıqları müharibələr də mənalı və tarixin yaddaşında yaşamağa layiq səhifələrdir. Elə bu baxımdan Turanın beşiyi olan Azərbaycanda  da yadellilərə qarşı əsrlər boyu milli azadlıq uğrunda mübarizələr səngimək bilməmişdir. Bu mübarizələrin uğursuz sonluqla nəticələnən XX əsrin əvvəllərində müstəqilliyə qovuşmuş Azərbaycan Cumhuriyyətini qeyd edilsə də, 1920-ci illərdə yenicə müstəqillik ömrü yaşamağa başlamış ölkəmiz tarixi düşmənlərimizin qisasçılıq təcavüzünün qurbanı olsalar da şərəfli mübarizə yolu keçmişlər...

XX əsrin ortalarında sovet bolşevizminin məmləkətimizin düşünən beyinli ziyalılarını müxtəlif bəhanələrlə məhv etməsi milli qürurumuzu təhqir kimi dəyərləndirilməkdədir. Bütün  ölkəmizdə ya gizli  şəraitdə, ya da açıq-aşkar mübarizələr həyata keçirilirdi. Dövlət təhlukəsizliyini qoruyan güclü qüvvələrin ən ağır nəticəli təqibinə  baxmayaraq vərəqələr  də çap edilib paylanırdı. 1980-cı illərdə son açıq mübarizə həddinə çatan milli azadlıq hərəkatı bütün bölgələrimizdə azadlıq meydanları formalaşdırmağa başladı.

Milli dözümümüzün, milli qürurumuzun əyilməzliyini dəqiqliklə bilən sovet rəhbərliyi ciddi narahatçılıqlar  keçirməyə  başladı. Kremldə  Azərbaycana qarşı ciddi təxribatlar, təcavüzlər planları işləndi. Öz iyrənc planlarını həyata keçirmək üçün ilk əvvəl böyük şəxsiyyət, Türk Dünyasının təəsübkeş oğlu Heydər Əliyevi siyasi səhnədən silmək əsas amil kimi erməni və erməni təəsübkeşlərini ciddi düşündürürdü. Elə bu məqsədlə də əvvəlcə Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldı. Sonra isə  ölkələmizə ən mənfur niyyətli, təpədən dırnağa silahlanmış, xüsusi qoşun bölmələri yeridildi.

Atılan bu addım milli azadlıq mücadiləçilərinin iradəsini daha da gücləndirirdi. Heç nəyə, heç bir qorxuya əhəmiyyət verməyərək azadlıq hərəkatını təyin edən meydanlarda oturaq həyat tərzini seçməklə sovet imperiyasını əməlli başlı silkələməyi bacardı. Elə buna görə  bəhanələrinə haqq qazandırmaq məqsədilə  meydanlarda mübarizədən əl çəkməyən dinc  əhalinin üstünə qoşun bölmələri yeritdilər. Mübarizə isə səngimək bilmirdi. Artıq xof  içərisində sarsıntılar  keçirən sovet rəhbərliyi məmləkətimizi mübarizədən yayındırmaq üçün əvvəlcədən hazırladıqları vətəndaş qarşıdurmasına və Qarabağ təcavüzünə  əl atdı, amma uduzmuşdular. Ona görə ki, onların ölkəmizdə olan əlaltıları, sapı özümüzdən olan baltaları  xalqımızın mübarizliyini, dönməzliyini, müstəqillik eşqi ilə yoğrulduğunu Kremlə olduğu kimi, səhvsiz, sərrastcasına çatdırmalı olmuşdular. Elə bu istəyi, arzunu, dönməzliyi, yenilməzliyi sındırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə lal, sükut içərisində uyuyan ölkəmizin ana şəhəri olan Bakıya hərbi texnikanın  köməyinə  əsaslanan silahlı ordu hissələri yeritdilər. Həmin dəhşətli, ayazlı yanvar gecəsini gözləri ilə görənlər şəhərin üstündə alov saçan güllələrin yağış kimi yağdığını, insanların vəhşicəsinə gülləbaran edilməsinin şahidi oldular. Sinəsini sovet imperiyasının alov dilli  güllələrinə sipər edən Vətən mücadiləçiləri qanlarına qəltan olsalar da milli dözüm nümayiş etdirərək “Azadlıq!”- deyə hayqırırdılar.  Bu hayqırtılar dənizimizdə həyəcan  fiti ilə haray qoparan gəmilərin səsinə qarışdı, göylərə dirək, ürəklərə dərd oldu. Bakının küçələrində, meydanlarında qan gölləri yarandı. Azadlıq  mücadiləçilərinin cəsədləri Bakımızın küçələrini, meydanlaını qucaqlayıb öpərək  can verirdilər, amma nə azadlığı, nə də ki, uzun illər içində sızım-sızım sızladaraq yaşatdığı sevgini əllərindən və könüllərindən vermədilər.

1990-cı il Yanvar hadisəsindən  dərhal sonra, (21 Yanvar 1990-cı il tarixində) qüdrətli  düha sahibimiz Heydər Əliyev bütün sarsıntılara, təqib və təzyiqlərə məhəl qoymayaraq, özünü və ailəsini təhlükə qarşısında qoyaraq sovet qoşunlarının törətdiyi vəhşiliyə münasibət bildirmək məqsədilə Azərbaycan  nümayəndəliyinə gəldi, döğma xalqına baş sağlığı verdi və ciddi şəkildə sovet rəhbərliyinin ünvanına tənqidi və təhqiramiz ifadələr işlətməklə xalqımızı çətin gündə tək qoymadı. Milli tariximizin səhifələrindən qavradığı Turan sərkərdələrinin əzəmətli nərələrini burada təkrar səsləndirdi. Bu nərə səsi  bütün dünyanı lərzəyə gətirdi, bütün cahanda  əks-səda verdi. Beləliklə Turanın beşiyi  olan Azərbaycana  vurulan  yaraların sakit gecədə, əliyalın azadlıq mücadiləçilərinin dönməzliyi təsdiq olduğu da yəqin edildi. Ona görə ki, sovet imperiyasının bəd niyyətli siyasətini bütün incəlikləri ilə bilən Heydər Əliyev Azərbaycan adlı qüdrətli ölkənin “Azadlığı davam etdiririk!” şüarlı mübariz səsinə səs vermişdir. Bu səs  “Milli azadlıq uğrunda dəmir dözümlə hərəkatı davam etdirməyə çağırış səsi idi. Milli azadlıq hərəkatı fədailəri milli azadlıq tarixinin səhifələrini  qanları ilə yazırlar” düşüncəsinin reallaşdırılması zamanını yetişdirmişlər. Heydər Əliyev verdiyi bu  siyasi qiymətlə, Elçibəy və  digər liderlərlə birlikdə MİLLİ AZADLIQ MÜCADİLƏMİZİN ÖNÜNƏ ÇIXDI.

Azadlıq tariximizin səhifələrini qanları ilə yazan şəhidlərimiz  “Şəhidlər xiyabanı”nda  uyuyurlar. Buraya ziyarətə gələn hər kəs onların ruhu qarşısında baş əymədən keçmir. Belə ki,  vətənin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların müqəddəs ruhu isə azadlıq mücahidlərininn sıralarını, tərkibini daha da dolğunlaşdırır, gücləndirir. Şəhidlik ömrü  gələcək  mübarizlər üçün dözüm, dəyanət örnəyi olmaqla  yanaşı xalqın övladlarında,  vətənin vətəndaşlarında işğalçı qüvvələrə qarşı ən dərin ikrah hissi də aşılayır.

Milli azadlıq hərəkatının  qurbanı olmuş Şəhidlərimiz, həm də torpaqlarımızın düşmən tapdağından azad olması uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərin  uyuyan xiyabandan pərvazlanan, göyləri dolanan  ruhlar torpaqların tam azad olması uğrunda mübarizədə ölkəmizdəki sabitliyi duyduqca  şad-xürrəm olurlar. Biz də bu müqəddəs savaşda onların ruhları qarşısında  baş əyərək ehtiram göstərməklə yad edirik. Azad, müstəqil Azərbaycanın  bütün vətəndaşları  adından göstərdikləri igidliklərə görə onlara borclu olduğumuzu bir daha dilə gətiririk.

Onlara—Vətənin azadlığı  uğrunda müqəddəs şəhidlik zirvəsinə qovuşanlara: eşq olsun! deyirik! Və onlara ismarlayaraq deyirik ki, Sizlər şəhidlik zirvəsinə yüksəlməklə xalqımızın müqəddəs tarixində qəhrəmanliq abidəsi yaratdiniz. Belə bir ritorik düşüncəyə can verərək deyə bilərik ki, ŞƏHİDLİK ZİRVƏSİNİN FATEHLƏRİ MÜQƏDDƏSLİYƏ QOVUŞURLAR.