1428554851_vahidMilli Məclisin üzvləri dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır. Bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. V. Əhmədov hələki təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini, təqdim edildikdən sonra açıqlanacağını söyləyib: "Hazırda biz dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq. Təkliflər təqdim olunduqda bu barədə mətbuata məlumat veriləcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli isə Movqe.az-a açıqlamasında təkliflərin bir hissəsinin aşağıdakılardan ibarət olduğunu söyləyib. "Biz təklifləri elə hazırlamışıq ki, keçərli olsun. Təkliflərimiz dollar kreditlərinin qaytarılması ilə bağlıdır. Dollar kreditləri sistem məsələsidir. Ona görə də bu məsələyə sistemli yanaşmaq lazımdır. Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq, problemi çətinləşdirmək deməkdir. İndiki vəziyyətdə demək olar ki, devalvasiyadan sonra dollar kreditlətinin qaytarılmasında əsas çətinlik xalqın üzərindədir. Xalq da qaytarmaqda çətinlik çəkir. Tutaq ki, 160 manat alan pensiyaçı, aldığı təqaüddən devalvasiyadan əvəl 60 manat dollar krediti ödəməyə sərf edirdisə, devalvasiyadan sonra bu məbləğ 120 manata qalxıb. Pensiyaçı üçün isə yaşayış minimumu 115 manatdır. Faizləri də ödəyəndə yerdə 40 manat qalır. Bu düzgün deyil. Dollar kreditlərinə güzəşt məsələsinə gəldikdə, banklar deyir dövlət zərəri qarşılasın, dövlət qurumları da deyir ki, indiyədək banklar yüksək faizlə kredit verib yüksək gəlir əldə etdiklərindən, özləri güzəştə getsin. Ona görə də biz təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi bank üzərinə götürsün. Beləcə dörd bucaq yaransın. Çünki dolların məzənnəsinin gələcək aqibəti hələ dumanlıdır. Biz təklif edirik ki, 1000 dollara qədər kreditlərlə bağlı təhlil aparılsın. Məsələn, əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır.

Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər 1 manat 5 qəpiklə qaytarılsın. Əvvəl bunun üçün 250 milyon vəsait tələb olunurdusa, hazırda bu məbləğ olsun 280 milyon. Bu da o qədər böyük bir məbləğ deyil. Təklifin ikinci hissəsi isə 5 mindən yuxarı olan dollarla olan kreditlərlə bağlıdır ki, bunun üçün də müxtəlif təcrübələrdən yararlanaraq güzəştlərin tətbiq edilməsi mümkündür. Biz təklif edirik ki, 5 min dollardan yuxarı olan kreditlər üçün orta məzənnə tətbiq edilsin. Yaxud da o kreditlər hansısa formada manata çevrilsin yaxud da dollara nisbətdə sabit bir məzənnə müəyyənləşdirilsin ki, gələcəkdə əlavə problemlər yaranmasın. 1,2 və ya 1,25 məzənnə ilə hesablansın. Bu 5 mindən yuxarı olan dollar kreditləri ilə bağlı təklifimizdir. Ola bilər ki, müddəti uzadılsın. Bizim dollarla bağlı ünvanladığımız təkliflərdən də bura əlavə edəndə, fikrimizcə ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar".

Ə. Məsimli yaxın vaxtlarda təkliflərin aidiyyatı qurumlara təqdim olunacağını da söyləyib.

AzPolitika.info-nun məlumatına görə, iqtisadçı Vüqar Bayramov da bu gün dollar kreditləri ilə bağlı bəzi təkliflər verib. O da hesab edir ki, dövlətin bu məsəlkəyə müdaxiləsi zəruridir və bir neçə təcrübədən istifadə oluna bilər. V.Bayramov bununla bağlı Facebook postunda yazır:

"Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə “bəd xəbər” verdi: kompensasiya gözlənilmir. Hal-hazırda kreditlərin məbləğinin 19.7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3.5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılanacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı isə belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin il əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə, indi əsas məbləğ, faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Məncə, bu rəqəmlərin müzakirəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 200 manat əlavə pul. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görsənmir.

Bir sıra kredit kateqoriyaları üzrə kompensasiya həyata keçirən Qırğızıstan və Qazaxıstan təcrübəsindən Mərkəzi Bank yararlanmaq istəməsə də, 2008-ci il qlobal maliyyə böhranı dövrü 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdıran ABŞ nümunəsinə müraciət edə bilər. Maraqlıdır, orta aylıq əmək haqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əmək haqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?"