Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.
O qeyd edib ki, Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir: “Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.
* * *
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır”.
V. Dərgahlı hazırda cəbhə xəttində vəziyyətin stabil olduğunu bildirib: “Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.


Şərhlər