Xarici KİV-in məlumatına görə, Madrid şəhərinin (İspaniya) meri xanım Manuela Karmena hesab edir ki, qaçqınlar Avropa üçün bir xəzinədir. Karmena bu fikri çərşənbə axşamı «TASS» agentliyinin müxbirinə verdiyi müsahibədə söyləyib.
Şəhər rəisinin sözlərinə görə, miqrantların qəbulu üzrə şəhər hakimiyyətinin özəl sistemi var: «Öncə biz onlara dəstək veririk ki, onların məskunlaşmaq üçün yeri olsun. Bizim proqramımız var. Proqram qaçqınlara müvəqqəti yaşayış yerinin verilməsini nəzərdə tutur. Ardınca intensiv dil kursu gəlir, sonra isə iş axtarışı və əlbəttə ki, uşaqların təhsili məsələləri nəzərdə tutulur».
Bununla bərabər, o, İspaniya paytaxtının neçə miqrantı qəbul edə biləcəyi məsələsini konkretləşdirə bilməyib: «»Biz uşaqların maliyyələşdirilməsi məsələsini həll etmişik - 10 milyon avro. Amma hələlik bilmirik ki, neçə nəfəri qəbul edəcəyik. Öncə 4 min nəfər deyilirdi, sonra 5 min və ya 10 min».
Karmenanın sözlərinə görə, miqrantlar İspaniyaya əsasən, Şimali Afrikadan gəlir. Onların böyük hissəsi sonradan Avropa İttifaqının digər ölkələrinə gedir, çünki ailələri orada məskunlaşıb: «Hökumətdən çox şey asılıdır, amma mənə elə gəlir ki, artıq hər şey dayanıb. Nə qədər ki, Avropa İttifaqı dalana dirənmiş bu məsələni həll etməyib, proqnoz vermək çətindir».
Türkiyə və Avropa İttifaqı arasındakı sazişi şərh edərkən, Karmena qeyd edib ki, bu gün «dünyada böyük insan əzabları müşahidə olunur. Bu ədalətsizlikdir - qaçqınlar dəhşətli şəraitdə yaşayırlar. Onların Avropada yerləşmək hüququ var. Mən hesab edirəm ki, Avropa üçün onlar bir xəzinədirlər, nə isə neqativ bir şey deyil...». Onun sözlərinə görə, Avropa İttifaqı miqrantları paylaşdıra və il ərzində müxtəlif peşə fəaliyyətlərinə cəlb edə bilərdi.
AzPolitika.info


Şərhlər