Belə görünür ki, Dubar azərbaycanlı məmurların, yaxud keçmiş məmurların ən sevimli istirahət məkanlarından birinə çevrilib.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun Dubaydakı dəbdəbəli “Atlantis” otelində ailə üzvləri ilə birgə bahalı bir Novruz tətili keçirdiyi haqda bir neçə gün öncə xəbər vermişdik. Bu məlumat mətbuatda işıq üzü görəndən sonra T.Əhmədov faktı təsdiqləyib bildirdi ki, o və ailə üzvləri doğrudan da beşulduzlu “Atlantis”də istirahət edirlər.
Virtualaz.org saytı bu dəfə daha bir məmurun orada dincəlməsi haqda məlumat əldə edib. Xəbərə görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov da hazırda Dubayda Novruz tətilindədir. Tağı Əhmədov kimi cənab Şərifov da “Atlantis” otelinin ən bahalı nömrələrinin birində yaşayır.
Otelin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin verdiyi xəbərə görə, S.Şərifov ailə üzvləri ilə birlikdə 7 min dollarlıq apartamentdə qalır.
Ümumiyyətlə, bu oteldə nömrələrin qiymətləri 700 dollardan başlayaraq 10 min dollara qədər dəyişir. Yada salaq ki, Azərbaycanın maliyyə nazirinin aylıq maaşı 1500 manatdır.
Maliyyə naziri Bakıya qayıdandan sonra virtualaz.org saytı cənab Şərifova Dubayın ən bahalı otelində ona bayram tətili keçirməyə imkan verən əlavə gəlir mənbələri barədə sorğu ilə müraciət etmək niyyətindədir. Və bildirirk ki, cənab nazirin sorğumuza rəsmi cavabını saytımızda dərc etməyi özümüzə vəzifə bilirik


Şərhlər