Rusiya KİV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana şəhərində (Avstriya) mayın 16-da keçiriləcəyi gözlənilən görüşündə iştirak etməyi planlaşdırır (TASS).
Bundan başqa, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşdə ABŞ və Fransanın baş diplomatları Con Kerri və Jan-Jak Eyro da iştirak edəcək.
«Gələn həftə Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Görüşdə həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin - Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri də iştirak edəcəklər» - deyə, Mariya Zaxarova bəyan edib.
Zaxarova qeyd edib ki, söhbət məhz planlardan gedir: «Dəqiq razılaşmalar və müddətlər məlum olandan sonra xəbər verəcəyik». Zaxarova əlavə edib ki, Rusiya bu görüşün bölgədə vəziyyətin yaxşılaşmasına kömək edəcəyini gözləyir. Onun sözlərinə görə, hal-hazırda sözügedən planlar fəal şəkildə işlənir.
Redaksiyadan: Belə getsə, budəfəki görüşlər «erməni məclisi»nə çevriləcək, «pırna-ha-pırna» düşəcək, ağız deyəni, qulaqlar eştiməyəcək. ATƏT də indiki mərhələdə bu üsulla «vaxt öldürəcək». Amma Azərbaycanın daha 22 il gözləməsi mümkün deyil...
AzPolitika.info


Şərhlər