Can sirdaşım, canım mənim

Nurəddin İsmayıl

(Ömür-gün yoldaşımın doğum gününə)

Ocağıma köz olanım,

Göz içində göz olanım,

Durum başına dolanım,

Can sirdaşım, canım mənim.

Ələndim ələkdən keçdim,

Göy üzü fələkdən keçdim,

Baxıb, yüz mələkdən keçdim,

Can sirdaşım, canım mənim.

Tanrı payım, nemətimsən,

Göydən gələn qismətimsən,

İncim, dürrüm, zinətimsən,

Can sirdaşım, canım mənim.

Ox atıb, nə sayax durmusan,

Könlümdə bir taxt qurmusan,

Mənnən gözəl baxt qurmusan,

Can sirdaşım, canım mənim

Yollar adladıq, iz qoyduq,

Bir can olmağa söz qoyduq,

Demə bu eşqdən biz doyduq,

Can sirdaşım, canım mənim.

12 may 2016

Həyat haqda düşüncələrim

Lovğalıq təkəbbürdür, bilsən əgər,

Lovğalıq edənin başı dərd çəkər.

Təkəbbürdən qaç, sadə qəlbli ol,

Sadəlik ucaldar səni, əmin ol.

Təvazö göstər ki, yüksəlsin adın,

Unutma, Adəmdir sənin soyadın.

Kibrilikdən qəzəbə gəldi şeytan,

Bil, etirafla əvhə sığındı insan.

At qəlbindən kini, küdurəti sən,

Kinli ürəklərdə şər salar məskən.

Gördünmü ariflər çıxsın özündən?

Dərs al, haqq aşiqi, arif sözündən.

Kəmhösələ olanın işi fəğandır,

Sonda qalib gələn hirsin boğandır.

Görsən bir hərifi edir lovğalıq,

Bil, onun könlünə düşüb ağalıq.

Boşboğaz, gəvəzə gördünsə, boşla,

Ağız tama gəlməz yağsız bozbaşla.

Sufi tək könlünü sən təmiz saxla,

Olma sirdaş, paxıl, sırtıq, bədxahla.

Qışqıran gördünsə, yersiz, birini,

Demək ədəbsizdir, bilmir yerini.

Uyma yaltaqların şirin sözünə,

Fürsət tapsa durar bir gün üzünə.

Mərifət elmini ariflərdən sor,

Mərifət nə bilir cahil, qəlbi kor.

Dostluqda vəfalı, sabit qədəm ol,

Əhdə xilaf çıxma, budur doğru yol.

Təmənna umursa dostluqda biri,

Vaz keç ondan, vermə əldən tədbiri.

13 may 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar