Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova «TVU» telekanalında «Bilmək hüququ» («Pravo znat») proqramının nümayişi zamanı bəyan edib ki, ABŞ-ın Avropada Raket Əleyhinə Müdafiə (RƏM) sistemi elementləri yaratması ilə bağlı Rusiya tərəfi cavab hüququnu özündə saxlayır. Rusiyalı diplomat ABŞ-ın bu fəaliyyətini «kart oyunu dələduzluğu» («şulerstvo») adlandırıb («Lenta.ru»).
«Bu gün situasiyanın necə formalaşdığını nəzərə alsaq, əlbəttə ki, biz cavab addımı hüququnu özümüzdə saxlayırıq» - deyə, Zaxarova bildirib.
Onun sözlərinə görə, bugünkü vəziyyətə, Rusiya özünü heç nədə günahkar saya bilməz - nə diplomatiya, nə də qərbli həmkarlarımız tərəfindən irəli sürülən konkret təkliflər baxımından.
«Qərbli həmkarlarımızın davranışını satqınlıq adlandırmaq olmaz - satqınlığı yalnız yaxın adamlardan gözləmək olar. Alçaq addımlar olub, razılaşmaların pozulması olub: Rusiyanın mövqeyinin nəzərə alınmaması, RƏM sistemi ilə bağlı «şuler»lik, onun Rusiya əleyhinə yox, yalnız İranın əleyhinə yönəldiyi barədə bəyanatlar... » - deyə, diplomat izah edib.
Qeyd edək ki, həmin Zaxarova bir neçə gün bundan əvvəl Türkiyənin prezidenti R.Ərdoğanı dolayısı ilə «xəstə» adlandırmışdı.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rumıniyada yerləndirilən həmin RƏM sisteminin müdafiə təyinatlı yox, ABŞ-ın nüvə potensialının bir hissəsi olduğunu demişdi. Onun sözlərinə görə, Moskva bu təhlükənin qarşısının alınması barədə düşünməli olacaq. Dövlət başçısı qeyd edib ki, Vaşinqtonun hərəkətləri beynəlxalq təhlükəsizlik sisteminin laxlamsına və yeni silahlanmanın start götürməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, mayın 12-də Rumıniyada ABŞ-ın RƏM sistemi işə başlayıb. Deveslau rayonunda yerləşən bu qurğunun tikintisi 2015-ci ilin may ayında başa çatıb. Qurğu funksional hazırlıq vəziyyətinə dekarb ayında gətirilib.
AzPolitika.info


Şərhlər