Menu

Futbol üzrə Azərbaycan Premyer Liqasında gümüş mükafatçı məlum oldu

15.05.2016, 20:52
Futbol üzrə Azərbaycan Premyer Liqasında gümüş mükafatçı məlum oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib."Report"un məlumatına görə, turun bütün görüşləri eyni saatda start götürüb.

"Zirə" doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla da "Zirə" cari mövsümün gümüş medalını təmin edib. "Kəpəz" isə xal ehtiyatını 56-ya çatdıraraq "İnter"lə 3 və 4-cü pilləni bölüşür.

Turnir cədvəlinin vahid lideri "Qarabağ" autsayder "Rəvan"ın qonağı olub. "Bayıl Arena"da gözlənilməz nəticə qeydə alınıb. "Rəvan" lideri məğlub edib - 2:1. Bəhmən Həsənovun rəhbərlik etdiyi komanda xallarını 17 çatdırıb.

Paytaxt derbisində "Neftçi" və "İnter" komandaları üz-üzə gəlib. Oyunda hesabı "bankirlər" açsa da qələbəni əldən veriblər. "Neftçi" bu görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb. Nəticədə "İnter" mövqeyini itirərək "Qəbələ" və "Kəpəz"lə 3, 4 və 5-ci pillələri bölüşür. "Neftçi" isə 49 xalla 6-cı pilləyə qalxıb.

Cari mövsüm istədiyi nəticəni qazana bilməyən "Xəzər Lənkəran" "Sumqayıt"ı qonaq edib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-yaşıllar" bu məğlubiyyət sayəsində turnir cədvəlinin sonuncu pilləsinə enib.

"Qəbələ" isə AZAL-ı sınağa çəkib. Avrokuboklara vəsiqə qazanmış Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 2:0 hesablı qələbəni bayram edib və xallarını 56-ya yüksəldib. "Qəbələ" Bakının "İnter" klubu və "Kəpəz"lə 3, 4 və 5-ci pillələri bölüşür.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə mayın 21-də keçiriləcək 36-cı turun oyunları ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol