Xarici KİV-in məlumatına görə, Argentinanın prezidenti Maurisio Makri ölkənin xarici işlər naziri Susana Malkorranın namizədliyini Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi postuna irəli sürəcək. Bu barədə xəbəri «Nacion» qəzeti öz saytında dərc edib.
Hökumətdəki mənbələrə istinad edən qəzetin yazdığına görə, bu namizədliyin irəli sürülməsi mayın 27-də rəsmi olaraq elan ediləcək. Həmin gün Malkorra xarici səfərdən qayıdacaq. «Bəli, biz onu dəstəkləyəcəyik» - deyə, Makri öz tərəfdarlarını əmin edib.
Malkorra əvvələr də baş katib postuna iddialı ola biləcəyini istisna etməyib: «İyunun sonunda söhbətləşmə olacaq, əgər prezident qərar versə, mən söhbətləşmədə iştirak edəcəm» - deyə, o, «Todo notisias» telekanalının efirindən bəyan edib.
Argentinanın xarici işlər naziri vəzifəsinə təyin olunana qədər Malkorra 2,5 il müddətində BMT Baş katibi Pan Qi Munun dəftərxanasının rəisi postunu tutub, 2008-2012-ci illərdə isə sahə dəstəyi departamenti rəisinin müavini və rəisi olub.
Bu günə olan vəziyyətə görə, beynəlxalq ictimaiyyətin inzibati başçısı postuna 9 nəfər iddiaçı var. Onların 7-i Şərqi Avropa ölkələrini təmsil edir: Çernoqoriyanın xarici işlər naziri İqor Lukşiç, UNESKO-nun baş direktoru İrina Bokova, Sloveniyanın eks-prezidenti Tyürk və 4 nəfər eks-xarici işlər naziri - Makedoniyadan Srcan Kərim, Moldovadan Natalya German, Serbiyadan Vuk Yeremiç, Xorvatiyadan Vesna Pusiç.
Bundan başqa, Portuqaliya eks-baş naziri Antoniu Quterrişin, Yeni Zelandiya isə BMT İnkişaf Proqramının inzibatçısı Helen Klarkın namizədliyini irəli sürüb. Adı çəkilənlərin hamısı qeyri-rəsmi dinləmələrdə iştirak edib. Dinləmələr bir həftə bundan əvvəl BMT-nin mənzil-qərargahında keçirilib.
Məlumat üçün bildirək ki, Pan Gi Munun sələhiyyət müddəti dekabrın 31-də sona çatır. O, 1 yanvar 2007-ci ildən həmin vəzifədə çalışır. BMT-nin Nizamnaməsinə görə, təşkilatın başçısı Təhlükəsizlik Şurasının (TŞ) tövsiyyəsi əsasında Baş Məclis tərəfindən təyin olunur.
AzPolitika.info


Şərhlər