Menu

"AzPolitika"ya şikayətçi axını

19.05.2016, 17:39
"AzPolitika"ya şikayətçi axını

Bir qrup şikayətçi “AzPolitika.info” saytının redaksiyasına gələrək, müxtəlif dövlət qurumları, vəzifəli şəxslər tərəfindən başlarına açılan müsibətlərdən danışıblar. Onlar saytımız vasitəsilə səslərini prezident İlham Əliyevə, Birinci xanım, millət vəkili Mehriban Əliyevaya çatdırmaq istəyirlər.

Şikayəti müxtəlif ünvanlardan olan bu şəxsləri birləşdirən səbəb uzun müddətdir, hətta illərdir qarşılaşdıqları laqeyidlik, şikayətlərinin obyektiv araşdırılmaması, problemlərinin həll olunmamasıdır.

Elə bu səbəbdən də bir müddət əvvəl bəziləri kəfən geyinərək, Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçiriblər. Uzun müddət Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atılmaması onları belə bir aksiya keçirməyə məcbur edib. Aksiyadan sonra Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edilsələr də, problemlərinin həlli ilə bağlı hər hansı irəliləyiş olmayıb. Bu səbəbdən də yenidən mətbuata üz tutmalı olublar.

Redaksiyamızda olan vətəndaşlar bildirdilər ki, onların müraciət emədiyi ünvan, döymədikləri qapı qalmayıb. Dəfələrlə nazirlərin, nazir müavinlərinin, Baş prokurorun, onun müavinlərinin qəbulunda olublar. Hər dəfə onlara haqlı olduqları, problemlərinin həll ediləcəyi vədi verilib. Ancaq bu vədlər elə söz olaraq qalıb.

İndi ümidləri yalnız prezident İlham Əliyevə və Birinci xanım, millət vəkili Mehriban Əliyevaya qalıb. Onlara da səslərini yalnız mətbuat vasitəsilə çatdıra biləcəklərini düşündüklərindən, “AzPolitika.info”ya müraciət ediblər.

Qeyd etdiyimiz kimi bu vətəndaşların hər birinin şikayəti müxtəlif ünvanlardandır. Kimi polisin, müstəntiqlərin, kimi deputatın, kimi hakimlərin, kimi də müxtəlif vəzifəli məmurların, harınlamış vəzifə sahiblərinin qanunsuzluqları ilə üzləşib.

Aralarında qanunsuz yollarla evləri, əmlakları əlindən alınan, sağlamlığına ciddi ziyan vurulan, hətta övladlarının namusuna əl uzadılan insanlar var. Hər birinin dərdi ayrı bir faciədir. Və nə yazıq ki, insanların bu faciənin yaşamasında vəzifəli şəxslər, hüquq-mühafizə orqanlarında, o cümlədən keçmiş MTN-də çalşan bəzi “paqon” sahibləri, hakimlər, hətta millət vəkili titulunu daşıyan insanlar “baş rol” alırlar.

Redaksiyamıza müraciət edən bu insanların hər birinin şikayəti dinlənilib. Bu şikayətlər əsasında hazırlanacaq yazılar yaxın vaxtlarda saytımızda işıqlandırılacaq.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol