Güney Azərbaycanda qadın milli fəal evindən oğurlanıb. Ötən bazar günü Güney Azərbaycanın Qəzvin şəhərində son zamanlar İranda parlament seçkilərinə qatılan, amma namizədliyi qəbul olunmayan Süheyla Kargər naməlum şəkildə yoxa çıxıb.
Modern.az-ın məlumatına görə, Güney Azərbaycan milli hərəkatının fəallarından olan Süheyla Kargərin parlamentə namizədlik istəyi mövcud rejimin istəklərinə uyğun olmadığından rədd edilib.
Məlumata görə, Süheyla Kargər 15 may 2016-cı il tarixində milli fəaliyyətinə görə yaşadığı Qəzvin şəhərində İran ETTELAAT məmurları tərəfindən qeyri-qanuni şəkildə tutulub. Süheyla Kargərin bacısının sözlərinə görə, 15 mayda saat 10:00 radələrində evə gələn məmurlar özlərini elektrik idarəsinin işçiləri kimi tanıdıblar. Və heç nədən şübhələnməyən milli fəal qapını onlara açıb.
ETTELAAT məmurları bunu fürsət bilərək evə girib, tutuqlayacaqları xanımı döyüblər. Bu azmış kimi, otaqları ələk-vələk edib Süheyla Kargərə məxsus vacib əşyaları, o cümlədən bilgisayar, CD-lər, kitabları və s. yığışdırıblar. Daha sonra Süheyla Kargəri Qəzvin şəhərinin məhkəməsinə aparıblar.
Məhkəmə zamanı Süheyla xanım, rejim məmurlarının onu döyməsi faktı ilə şikayətçi olub və bu nəzərə alınaraq onu həkimə aparıblar. Çox qısa müddətdən sonra isə Süheyla Kargər Tehranda yerləşən "Evin həbsxanasına" göndərilib. "Evin həbsxanasında" onun sorğu-suala çəkildiyi də söylənilir.
15 may tarixindən bu günədək Süheyla Kargərdən heç bir xəbər yoxdur. Buna görə də ailəsi və 5 yaşlı qızı Elay olduqca narahatdır.
İran məhkəməsinin bir qadına qarşı məmurların etdiyi bu vəhşi hərəkətə etinasız qalması, ancaq sadəcə olaraq öz haqqlarını tələb edənlərə qarşı çıxartdığı hökm Güney Azərbaycanda hidd doğurub.


Şərhlər