Qətli törədən şəxs tutularaq istintaqa cəlb edilib.
Bakının Pirallahı rayonunda qətl törədilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Valeriyeviç Şevçun aralarında yaranan münaqişə zəminində Pirallahı rayon Xanlar küçəsində yaşayan 1982-ci il təvəllüdlü Aleksandr Nikolayeviç Qraçovun ürək nahiyəsinə kəsici-deşici alətlə zərbə endirərək öldürüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 42 yaşlı Ruslan Şevçun tutularaq istintaqa təhvil verilib.
Hadisənin pula görə baş verdiyi bildirilir. Qətli törədən Ruslan Aleksandrın onun 35-40 manat pulunu oğurladığından şübhələnib və onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və qətllə nəticələnib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Ölkədə qeydə alınan sonuncu qətl iki gün əvvəl Masallı rayonunda baş verib. Bədalan kəndində 1977-ci il təvəllüdlü Afiq Xanlar oğlu Yusubov aralarında yaranan şəxsi mübahisə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Pilağa oğlu Əzimova bıçaq zərbələri endirərək qətlə yetirib. Mərhumun öldüyünü görən Afiq Yusubov daha sonra hadisə yerindən qaçıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 39 yaşlı kişi tutularaq istintaqa təhvil verilib.

Şərhlər