Ədalət Partiyası Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nı tanıması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
- Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qərar qəbul etməsi Avropada mövcud olan demokratik dəyərlərin tapdanması və ikili standartlı yanaşmadır.
Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, törətdiyi qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən və "erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələ ilə bağlı birtərəfli qaydada qətnamə qəbul etməsi tamamilə siyasi yanaşmadır. Bu tarixi saxtakarlıq faktının parlament səviyyəsində həqiqət kimi qəbul edilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.
Çünki soqırımın törədilməsi üçün dövlətin rəsmi qərarı olmalıdır. Rəsmi Türkiyə isə yalnız ermənilərin bir ərazidən digərinə köçürülməsi ilə bağlı qərar verib. Türkiyə rəhbərliyi məsələnin obyektiv araşdırılması üçün arxivlərini açmağa hazır olduğunu bildirsə də, uydurma “erməni soyqırımı”nı tanıyanların heç biri bunu dəqiqləşdirmək istəmir.
Rəsmi Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu dəfələrlə bəyan etdiyi halda ona arxadan zərbə vurmağa cəhd edir. Görünür, Türkiyənin müstəqil iradəsinə söykənən regional siyasəti Avropa İttifaqının və Almaniyanın maraqlarına cavab vermədiyinə görə, onu bu şəkildə “cəzalandırmaq” qərarına gəliblər.
Ədalət Partiyası Almaniya parlamentinin qəbul etdiyi qətnaməni qərəzli və qeyri-obyektiv hesab edir və bildirir ki, tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbul edilməzdir.
Ədalət Partiyası bəyan edir ki, Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri kimi onun Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salır. Rəsmi Berlin bu qərarı ilə Ermənistanı işğalçı hərəkətlərinə görə ruhlandırır və onu münaqişənin həllində pozuculuq fəaliyyətinə sövq edir.Bu isə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in vasitəçiliyi ilə sülh yolu ilə həllinə inamı bir daha sarsıdır və onun mümkünsüzlüyünü təsdiq edir.


Şərhlər