İyunun 4-də Baş Prokurorluqda Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli qərarının prokurorluq orqanlarında tətbiqi” mövzusunda seminar keçirilmişdir.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi və Hüquqi təminat və informasiya idarələri tərəfindən təşkil edilmiş tədbirdə “Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili” mövzusunda çıxışlar edilərək amnistiya aktının icrası ilə əlaqədar prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilmişdir.

Amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” 25 may 2016-cı il tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılmaqla prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilmişdir. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilmişdir.
Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.


Şərhlər