Menu

“Məni hansısa siyasi oyuna çəkmə cəhdi varsa...” - Elnur Məcidli axtarışa verilməsindən danışdı

02.04.2014, 15:30
“Məni hansısa siyasi oyuna çəkmə cəhdi varsa...” - Elnur Məcidli axtarışa verilməsindən danışdı

“Buna cəhd edənlərin yanıldıqlarını vurğulamaq istəyirəm”

Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidlinin axtarışda olması barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib. Bu barədə xəbəri dünən APA yayıb.

Bununla bağlı musavat.com-a açıqlamasında münasibət bildirən E.Məcidli dedi ki, dünən bu informasiya ardıcıl olaraq bir sıra mətbu orqanlarda, qəzet və saytlarda yayılıb: “Boyat xəbər ehtivası oyandıran bu xəbərdə istinad edilən məqamlar 3 il əvvələ aid olduğu üçün bunu o qədər də əhəmiyyət verilməsi gərəkən hadisə hesab etmirəm. Sadəcə dəqiqləşdirilməsi lazım olan məqam bu informasiyanın yuxarıda adı çəkilən idarənin saytına dünən yoxsa daha öncələr yerləşdirilməsiylə bağlıdır. Əgər rəsmi qurumun saytına məlumat dünən yerləşdirilibsə və yaxud uzun müddət əvvəl yerləşdirilən məlumat dünən anidən xəbər halına gətirilirsə, hər iki halda təəccüb yaradır. Belə bir informasiyanın ani yerləşdirilməsi və (ya) xəbər halına gətirilməsinin arxasında məni hansısa siyasi oyuna çəkmə cəhdi varsa, buna cəhd edənlərin yanıldıqlarını indidən vurğulamaq istəyirəm”.

E.Məcidlinin sözlərinə görə, nə ona, nə də Bakıdakı ailə üzvlərinə, vəkilinə bununla bağlı hər hansı rəsmi məlumat çatdırılmayıb: “Xəbərdə də bildirildiyi kimi, Baş Prokurorluq 2011-ci ildə məlumat yayaraq, barəmdəki cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb. Yuxarıda qeyd etdiyim kimi, belə bir boyat informasiyanın yayılması təəccüblüdür və bir o qədər maraqlıdır. Bu informasiyanın belə bir məqamda, hansı qaynaqdan və hansı niyyət və məqsədlə yayılmasını araşdırmağı isə jurnalist həmkarlarımın öhdəliyinə buraxıram”.

E.Məcidlinin sözlərinə görə, ölkəmizdəki müxalifət və iqtidar rənglərinin bir-birinə qarışaraq yaratdığı siyasi bulanıqlıq zəminində kimin hansı ideologiyaya və kimlərə xidmət etdiyini dəqiqləşdirmək bir o qədər asan deyil: “Belə bir siyasi toz-duman içində qalmamaq üçün artıq bir müddətdir siyasətdən kənar olaraq öz iş və şəxsi fəaliyyətlərimə davam etməkdəyəm. Hazırda Fransada, Parisdəyəm, ümumilikdə mən artıq 10 ildir ki Fransada yaşayıram. Hazırda əsas enerjimi Parisdə hüquqi yardım və tərcümə şirkətimlə (EM Production's) yanaşı yeni fəaliyyətə başlayan inşaat şirkətimizin (SAHEL Construction) fəaliyyətinə və inkişafına yönəltmişəm. Bu zamana qədər öz ölkəmin və xalqımın maraqlarını ön planda tutan biri olaraq bundan sonra da eyni düşüncə və arzuda olacağımı bir daha qeyd etmək istəyirəm. Dünən yayılan informasiyaya görə narahat olan, dəstək verən bütün dostlarımıza təşəkkür edirəm”.

Xatırladaq ki, E.Məcidli musavat.com-a verdiyi bu açıqlamasını sosial şəbəkədəki profilində də statusa çevirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol