Bu dəfə ordu generalı İlkər Başbuğ “terrorçu” deyil, “terrorda şübhəli şəxs” adlandırıldı
Aprelin 3-də Türkiyədə “Ergenekon” istintaqı ilə bağlı Ağır Cəza Məhkəməsinin qərarı açıqlanıb. Sənəddə “Türkiyədə dərin dövlət yaradılması ilə bağlı ilk dəfə belə bir qərar verilir” ifadələri yer alıb.
16 min 798 səhifəlik qərar 3 cilddə toplanıb. Sənədin yazılması 8 aya başa gəlib.
Yada salaq ki, 2013-cü il avqustun 5-də yekunlaşdırılan, aralarında Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun, CHP Zonquldaq millət vəkili professor Mehmet Haberalın, CHP İzmir millət vəkili Mustafa Balbayın, qəzetçi Tuncay Özkanın da olduğu 275 şübhəlinin həbs edildiyi iş Türkiyə Respublikası tarixinin ən səs-küylü istintaq proseslərindən sayılır.
Qərarda bildirilir: “İstintaq araşdırmaları zamanı bəlli olub ki, Ergenekon adında bir hörgüt yaradılıb, Türkiyə qanunlarına görə incələndiyində onun silahlı terror qruplaşması olduğu ortaya çıxıb. Bu silahlı qruplaşma dərin dövlət, yəni “Gladyo-Kontrgerilla” olub, əsasən Türkiyə Silahlı Qüvvələrinin içərisində yaradılaraq, qanundankənar fəaliyyət göstərib. Qruplaşmanın tərkibində həm hərbçilər, həm də mülki şəxslər olub”.
Sənəddə bildirilir ki, “Ergenekon” hörgütü əsasən Bülənt Ecevit, Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan hökumətlərini hədəf alıb: “Terror qruplaşması yaradıldığı ilk dönəmdə Bülənt Eceviti hakimiyyətdən zor gücü ilə uzaqlaşdırıb. AKP hökumətinə qarşı Jandarma Baş İdarəsinin tərkibində qanundan kənar yaradılan Cümhuriyyət Çalışma Qrupu yaradılıb. Bu qrup Ərdoğan hökumətinə qarşı “Sarıkız”, “Ay işığı”, “Yakamoz”, “Eldiven” adlı qiyam planları hazırlayıb, məqsəd hökuməti ölkənin idarəçiliyindən tam uzaqlaşdırmaq olub”.

İstintaq sənədlərinə görə “Ergenekon”un toplumdakı milli azlıqlara, eyni zamanda dini kəsimlərə yönəlik planları da olub: “Ergenekon hörgütünün Türkiyənin milli azlıqlar yaşayan bölgələrində, eləcə də dini qruplaşmalar, xüsusən camaat, ələvilər içərisində iğtişaşlar yaratmaq, çoxluq içərisinə cəmiyyətin azlıqda olan kəsimləri ilə bağlı nifaq toxumları səpmək planları olduğu müəyyən edilib...
... Axtarış əməliyyatları zamanı general Hurşit Tolondan Türkiyə Silahlı Qüvvələrinə aid “psixoloji həb” adlı dosyelər müsadirə edilib. O da müəyyən olunub ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ terrorçu deyil, terrorda əli olmaqda şübhəli bilinən şəxsdir. İlkər Başbuğ “Ergenekon” hörgütünün ierarxiyasında idarə edən şəxs kimi yer alıb. Bəzi internet saytları İlkər Başbuğun tabeliyində olub və onun birbaşa göstərişləri ilə fəaliyyət göstərib. Bu internet saytlarının çoxu hökumət üzvlərinə qarşı qara piarla məşğul olub”.
İstintaq materiallarında Ergenekonun PKK ilə münasibətlərinin olması da iddia edilir: “Əldə edilən sənədlərdə Ergenekonun PKK ilə münasibətlərinin olduğu görünür. Ancaq hörgütün polis əleyhinə təbliğat aparması iddiaları doğrulmayıb. Bu günə qədər Ergenekon hörgütünün tamamilə sıradan çıxarılmasının mümkün olmaması isə onun gücünün göstəricisidir”.

Türkiyə Silahlı Qüvvətləri Baş Qərargahının keçmiş rəisi ordu generalı İlkər Başbuğun vəkilləri, daha sonra isə özü sənəd çap olunandan bir neçə saat sonda etirazla çıxış ediblər. İlkər Başbuğ deyib ki, bu qərarı ciddiyə almır. Onun müdafiəçiləri isə iddia edir ki, 2012-ci ilin avqustundan 2014-cü ilin martına qədər İlkər Başbuğun heç bir günahı olmadan Silivri cəza evində saxlanması məhkəmə qərarı ilə təsdiq edilib və onun haqqında həbs-qəti imkan tədbiri dəyişdirilib: “Əgər istintaqın İlkər Başbuğun terrorda əli olması haqqında sübutu olsaydı, məhkəmə belə bir qərar çıxarmazdı. Biz istintaqın son nəticəsini hüquqi cəhətdən əsaslandırılmamış sayır, müdafiəni ədalət bərpa edilən anadək davam etdirəcəyimizi bildiririk”.
Ehtimal edilir ki, 30 mart bələdiyyə seçkilərindən sonra yenidən “Ergenekon” istintaqının gündəmə gətirilməsi AKP-nin toplumun diqqətini seçkilərin saxtalaşdırılması iddialarından yayındırmaq cəhdidir.(musavat.com)


Şərhlər