Menu

“Texnikabank”ın sabiq rəhbəri azadlığa buraxıldı

03.04.2014, 19:41
“Texnikabank”ın sabiq rəhbəri azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

“Media forum” saytının məlumatına görə, aprelin 3-də hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə “Texnikabank”ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynovun cəzası 8 illik həbsdən 4 ilə endirilib, eyni zamanda bu cəza 1 il sınaq müddəti tətbiq olunmaqla şərti cəza ilə əvəzlənib və o, məhkəmə zalından azadlığa buraxılıb.

“Texnikabank” işi üzrə məhkum olunmuş digər beş nəfərin cəzası isə dəyişdirilmədən qüvvədə saxlanıb. Həmin beş nəfərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Elnur Seyidovdur. Qalan dörd nəfərin də cəzaları 7-8 il həbs aralığındadır.

Bakı Apellyasiya Məhkəməsi qərarını elan etməzdən az əvvəl dövlət ittihamçısı çıxış edib və məhkum olunmuş bütün şəxslərə verilən cəzaların olduğu kimi saxlanmasını istəyib.

Qeyd edək ki, sözügedən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə təqsirli biliniblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol