Azərbaycan cəmiyyətinin iki nihilizmi - Biri, digərini stimullaşdırır!
Son 25-30 ilin acı təcrübəsi göstərir ki, Azərbaycan cəmiyyəti iki gerçək nihilizmdən əziyyət çəkir - biri mənəviyyat nihilizmi, digəri isə hüquqi nihilizmdir. Özlüyündə aydındır ki, mənəviyyatını «küləyə vermiş» cəmiyyətlərdə, hüquqi nihilizm də tüğyan edər - necə ki, Azərbaycanda edir. Hörmətli oxucuların diqqətini bu qənaəti təsdiqləyən iki fakta yönəltmək istərdim...
Birinci fakt redaksiyamıza daxil olmuş müraciətlərdir ki, iri bir qovluğa zorla sığışdırmaq olar. Ən müxtəlif səciyyəli bu müraciətlərdən aydın olur ki, əli bütün rəsmi instansiyalardan üzülmüş vətəndaşlar heç olmasa, təsəlli tapmaq xatirinə üzləşdikləri haqsızlığı qəzet vasitəsilə ictimailəşdirmək qərarına gəliblər. Biz də insanların bu harayını öyrənib, dərc etməklə, cəmiyyət qarşısında öz peşə borcumuzu yerinə yetirmək əzmindəyik...
İkinci fakt isə birincinin təsdiqiymiş kimi, hakimiyyət tərəfindən atılmış addımdır ki, parlamentin dünən keçirilən iclasında gerçəkləşib. Mahiyyəti ondan ibarətdir ki, bundan sonra ölkəmizdə vətəndaşların ərizə, şikayət və təklif formalı müraciətlərinə baxılması təcrübəsində baş verəcək pozuntu halları aidiyyəti dövlət (hökumət) strukturlarına yönəlik müvafiq məsuliyyət doğuracaq. Bu, İnzibati Qaydalar Məcəlləsinə edlən dəyişikliklərdə öz əksini tapıb...
Biz də fikirləşdik ki, qoy, dərc etdiyimiz müraciətlər ictimailəşsin ki, onlara baxmayan və ya mahiyyət üzrə müvafiq reaksiya verməyən dövlət və hüquq-müdafiə təmsilçisi məsuliyyətə cəlb olunsun - yəni ki, məcəlləyə edilmiş dəyişikliyin təcrübədə tətbiqinə start verilsin...
Birinci müraciət: «Qızıma təcavüz olub!»
Bu müraciətlə Bakı sakini - Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 11 saylı binanın 14-cü mənzilində yaşayan Kərimova Rəsmiyyə Əvəz qızı redaksiyamıza müraciət edib. Yerindəcə, qeyd etmək istəyirəm ki, bu müraciəti oxuduqca, xəcalət təri tökürsən... qəzəblənməyə bilmirsən!
Müraciəti müvafiq ixtisar və redaktə ilə dərc edirik ki, sizlər də qəzəblənib, xəcalət təri tökəsiniz, hörmətli oxucular! Nədən ki, bu müraciət Azərbaycan cəmiyyətinin hansı miqyasda aşındığını (mənəviyyat nihilizminin şiddətini) açıq-aydın ortaya qoyur...
Rəsmiyyə Kərimova yazır: «Qonşuluğumuzda yaşayan Elməddin Kərimov 2013-cü ilin dekabrında 14 yaşlı qızım Nərgiz Kərimovanı aldadaraq, sonra isə zor işlədərək, onunla qeyri-təbii yolla (!) cinsi əlaqədə olub. Bundan sonra da o, 2013-cü ilin dekabr ayından 2014-cü ilin iyun ayına qədər - təxminən, 6 ay ərzində - məktəb yoldaşlarının yanında rüsvay edəcəyi ilə hədələyib, susmağa məcbur edərək, mütəmadi surətdə qızımla əsasən, qeyri-təbii yolla və bir neçə dəfə də təbii yolla cinsi əlaqədə olub...
Cinayət işinin istintaqı təxminən, 1 il 2 ay müddətində Suraxanı rayon Pokurorluğunda, Suraxanı rayon Polis İdarəsində, Bakı şəhər Baş Polis İdarəsində və Bakı şəhər prokurorluğunda aparılıb. Elməddin Kərimovun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 149.2.3 və 150.2.3. maddələri ilə tövsif edilsə də sonradan Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayevin himayədarlığı ilə verilmiş saxta rəylər əsasında CM-nin 149.2.3. maddəsi ilə ittiham istintaq materialından çıxarılaraq, Bakı şəhər Rrokurorluğunun müstəntiqi Cavid Abbasov tərəfindən CM-nin 150.2.3 maddəsi ilə əvəz edilib və yekunlaşdırılaraq, məhkəməyə göndərilib...
Elməddinin əməlinin ağır cinayət olmasına və maddənin sanksiyasında alternativsiz olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, təqsirləndirilən şəxs barəsində indiyə qədər həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova yazdığım şikayətlər də nəticəsiz qalıb...
Sizdən artıq drəcədə xahiş edirəm ki, bizə qarşı edilən məhkəmə özbaşınalığından və qanunsuz davranışdan müdafiə olunmaq üçün mənim, Ədliyyə naziri cənab Fikrət Məmmədovun qəbuluna düşməyimə köməklik edəsiniz».
Bir vaxtlar, belə şərəfsiz əmələ görə, şərəfsizi məhkəməsiz-filansız... Belə təcavüzə məruz qalmışlar isə onu sadəcə, açıb-ağartmazdılar. Görünür ki, «müstəqillik illəri»ndə cəmiyyətimizin mənəvi dayaqları tamamilə dağıdılıb - nəticədə, total əxlaqsızlıq və mövqesizlik adiləşib - sanki bir «həyat norması»na çevrilib. Bu, gerçək bir «mənəviyyat nihilizmidir» ki, sonrakı hüquqi nihilizmi doğurub...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər