“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə “Banıçiçək” Qadın İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili adlı layihəsi çərçivəsində müxtəlif regionlardan olan gənc xanımlar üçün üç günlük Yay Məktəbi keçirib.
Üç gün ərzində Yay Məktəbinin iştirakçıları üçün xüsusi proqram çərçivəsində müxtəlif seminar və təlimlər təşkil olunub.
“Layihənin və vaxtın idarəedilməsi”, “Komanda işi”, “Fərdi inkişaf və motivasiya”, “Nitq qabiliyyəti və Ritorika”, “İnsan hüquqları, fərd və cəmiyyət”, “Fərqli sosial qrupların cəmiyyətə inteqrasiyası - tolerantlıq və gender bərabərliyi” mövzularında keçirilmiş təlim proqramı iştirakçıların böyük marağına səbəb olub. Təlimlər zamanı alınmış nəzəri biliklər müxtəlif praktik oyunlar və qrup işləri ilə möhkəmləndirilib.
Yay Məktəbi çərçivəsində gənc qızların fərqli sahələr üzrə məşhur xanımlarla görüşü keçirilib. Görüşün məqsədi fərqli sahələrdən seçilmiş məşhur xanımların uğur hekayələrini dinləmək, məqsədə aparan yolun çətinliklərini və müsbət nəticələrin öyrənilməsi idi. Modelyer-dizayner Fəxriyyə Xələfova, bəstəkar-müğənni Tünzalə Ağayeva, millət vəkili Dilarə Cəbrayılova seçdikləri peşənin həyatlarına təsirindən, çəkilən zəhmətlərdən, məqsədəuyğun seçilmiş düzgün yol haqqında olan fikirlərini və həyat təcrübələrini gənc xanımlarla bölüşərək, onlara gələcək həyatlarında nailiyyətlər arzu ediblər.
“Banıçiçək” Qadın İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili adlı layihə çərçivəsində təşkil edilmiş Yay Məktəbinin iştirakçıları sonda sertifikatlarla mükafatlandırılıblar.






Şərhlər