Heç hənanın yeridir və yaxud Britaniya niyə burcudur?!

XeyberXeybər Göyyallı

Allah sənə rəhmət eləsin, Üzeyir bəy! Məşədi İbadın dili ilə necə də sərrast demisən: “Heç hənanın yeridir”.

İngiltərə kimi min ilin dövləti görün nə danışır, nə deyir? Adamın yox, lap bişmiş toyuğun gülməyi gəlir. Min ilin İngiltərəsi lap uşaq kimi danışır. “Avropa qocalıb”, “qoca qitə” - bu sözləri hələ uşaqikən eşitmişik . İndi görüruk ki, həqiqətən, Avropa qocalıb. Onu da deyirlər ki, insan adlı məxluqat iki dəfə uşaq olur. Bir həqiqi fizioloji körpəlik mərhələsində, bir də qocalanda ağılı-yaddaşı itir-uşaqlaşır. İndi İngiltərə qocaldığından , deyəsən, ağlını tamam itirib. Min ilin uşaqlaşmış İngiltərəsi Avropa Birliyinə ultimatumla deyir ki, bizə and-aman edib təntənəli surətdə vəd verin ki, Türkiyəni heç vaxt Avropa Birliyinə üzv qəbul etməyəsəksiniz. Əgər gələcəkdə qəbul edəcəksinizsə, İngiltərə indidən AB-dən çıxacaq.

Böyük Britaniya (harda qaldı bu böyüklük?) iyunun 23-də Avropa Birliyində qalıb-qalmamaq barədə referendum keçirəcəkdir. Türkiyə nə deyir ki, keçirin də. Türkiyə sizə mane olur? Referendumqabağı populyarlıq qazanan Londonun sabiq meri Boris Jonson və Ədliyyə naziri Maykl Qovun (haqq, ədaləti belə müdafiə edərlər) canına daha çox üşütmə düşüb. Hər ikisi bar-bar bağırır ki, Türkiyə Avropa Birliyinə daxil olsa, 77 milyon türkün hamısı İngiltərəyə axışacaqdır. Bu nə fəlsəfədir? Bu nə düşüncədir? Ancaq 77 milyon türkün İngiltərəyə daxil olacağının niyəsini açıqlamırlar. Orasını mən də bilmirəm ki, niyəsini bilərəkdən açıqlamırlar, ya utandıqlarından.

Bu məqamda istəyirəm lap vulqar bir ifadə işlədəm. Amma yenə lənət şeytana deyirəm. Bu məqamda köməyimə Tağı müəllimin populyarlaşmış sözü çatdığından onunla kifayətlənirəm. Çünki indilikdə həmin ifadə lap yerinə düşür (Allah Tağı müəllimə cansağlığı versin). Tağı müəllimin bir “burcutma” sözü vardı. Yəqin, oxucuların yadına düşdü və dodaqları qaçdı. Ay İngiltərə, AB-dən çıxırsan çıx, qalırsan qal, özünüz bilərsiniz. Tağı müəllim demişkən, daha nə burcudursan? Türkiyə ilə nə işiniz var? Təkcə siz deyilsiniz, bu gün köhnə qitədə bir fobiya var. Bu İSLAM xofundan çox, TÜRK xofudur. Qoca qitənin başbilənləri türklərin Avropa Birliyinə daxil olmasından çox ciddi bir stress keçirirlər. Bu patologiya artıq xroniki hala keçibdir. Ancaq bir balaca vicdanlarının səsinə qulaq assalar, türklərin ədalətli və humanist olduqlarını etiraf edərlər. Siz avropalılar Atillanı yaxşı tanıyarsınız. Onun, bu gün yaşadığınız qitəni bir həmlə ilə tutduğunu, uzun illər türklərin Avropanın sakinləri olduqlarını xoşbəxtlikdən dana bilmirsiniz. Amma xudpəsəndlikdən türklərin bir çox ali dəyərlərini danırsınız. Vicdanınızın səsini dinləsəniz, təsdiqləyərsiniz ki, vaxtilə Avropaya sahiblənmiş türklər heç bir xalqın maddi və mənəvi sərvətlərinə toxunmayıb (Onu da xatırladım ki, vandalizm sözü türklərə yox, avropalıların leksikasına məxsusdur). Əgər toxunsa idi, bugünkü böyük Avropa mədəniyyəti olmazdı.

Fransa və Almaniya Avropanın gələcəyindən daha çox narahatdırlar. Bu narahatlıq başadüşüləndir. Çıxış yolu da bəllidir. Dünya rəngarəng olanda maraqlıdır. Qoca qitəyə həmin rəngi türklər gətirəcəklər.

Ancaq bu gün Avropanın söz sahibləri sayılan Fransa, Almaniya və İngiltərə Türkiyənin Avropa Birliyi deyilən quruma daxil olmasına hər cür əngəl törədirlər. Amma o da var ki, nədən qaçarsansa, ona da rast gələrsən. Ağıldan keçənlər həmişə başa gəlir. Türklər qoca qitəyə girməlidirlər. Türklərin qoca qitəyə girməsində avropalılar özləri maraqlı olmalıdırlar. Bu olacaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar