Menu

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi müraciət yaydı

04.04.2014, 14:22
İslamçıların Hüquqlarını Müdafiə Komitəsi müraciət yaydı

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi aprelin 4-də brifinq keçirərək, beynəlxalq hüquq müdafiə təşkilatlarına, vətəndaş cəmiyyəti təmsilçilərinə və müsəlman ölkələrinin ictimaiyyətinə müraciətini açıqlayıb.

Müraciətdə deyilir ki, 2010-cu ilin sonlarından başlayaraq Azərbaycanda tətbiq olunan dini qadağalar, xüsusən də orta təhsil müəssisələrində şagirdlərin baş örtüyünə tətbiq olunan “hicab qadağası” etirazlara səbəb olub, bununla bağlı ayrı-ayrı vaxtlarda aksiyalar keçirilib. Dinc aksiyalar zamanı vətəndaşlar polis zorakılığıyla üzləşib və sifarişli məhkəmələr vasitəsilə həbs olunublar.

“Vətəndaşların haqlı etirazları respublika ərazisində kütləvi repressiyalarla müşayət olunmuşdur. Bu repressiyalar vətəndaşların daha çox dini kəsimini əhatə etmişdir. Belə ki, din adamları narkotik, silah və xuliqanlıq kimi dini dəyərlərə yad olan hərəkətlərdə ittiham edilib, ölkədə dini fəaliyyətlərə böyük ölçüdə qadağalar qoyulub. Etiraz edən din xadimləri, aksiyalara qoşulan sıravi dindarlar əsassız yerə həbs olunaraq ağır şəkildə cəzalandırılblar.

Bütün bunlar yerli müsəlmanların İslam dininin vacib buyurduğu qaydalara uyğun yaşaya bilmələri üçün etiqad və vicdan azadlığı hüquqlarından yararlanmaq istəklərinə cavab olaraq atılıb. Din sahəsində böyük ölçüdə təzyiq və təqiblər həyata keçirilib. 2010-2013-cü illəri əhatə edən dövr ərzində ümumilikdə 100-dən artıq dindar müxtəlif müddətlərə həbs edilmişdir”, - deyə müraciətdə qeyd oluinur.

Müdafiə Komitəsi təəssüf edir ki, Azərbaycan dindarlarının etiqad və vicdan azadlıqlarının reallaşması tələbləri dünya ictimayyəti tərəfindən adekvat qarşılanmayıb, bəzi səbəblərdən görməzliyə vurulub. Yalnız istisna hallarda həbs olunan dindarlar beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb. Yerdə qalanlar isə beynəlxalq hüquq müdafiə təşkilatlarının nəzərindən yayınıb.

Müraciətə son 3 ildə Azərbaycanda dini motivli həbslər və etiraz aksiyaları ilə bağlı məlumatlar da əlavə olunub.

Komitə müraciət etdiyi ünvanlardan Azərbaycan müsəlmanlarının inanc haqlarının qorunması yolunda apardıqları mübarizəyə dəstək olmağı, onların səsini dünyaya çatdırmağı istəyir. Komitə həmçinin, dünyanın vicdanlı insanlarını Azərbaycanda dini sahədə baş verən qadağa və repressiyalara laqeyid qalmamağa, Azərbaycan vətəndaşlarının vicdan azadlığının təmin olunması ilə bağlı hökumətə təsir göstərməyə çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol