Türkiyə-İsrail əlaqələri düzəlir.
Türkiyə ilə İsrail arasında 2010-cu il “Mavi Mərmərə” basqını ilə pozulmuş münasibətlər normallaşır. Anspress-in məlumatına görə, yaxın günlərdə rəsmi Ankara və Təl-Əviv arasında illərlə davam edən “soyuq müharibə” dönəmi bitəcək. Tərəflər arasında danışıqlar, nəhayət, son mərhələyə gəlib və "razılaşma bəyannaməsi" üçün gün təyin edilib.
İsrail və Türkiyə mənbələri son vaxtlar bu yöndə tərəflərin ciddi şəkildə irəliləyiş əldə etdiyi haqda xəbərlər yaymaqdadır. Türkiyə mətbuatında yer alan məlumata görə, Türkiyə-İsrail münasibətləri iyul ayında əldə ediləcək razılaşma ilə normala dönəcək. Qəzzada inşa edilən xəstəxana ilə əlaqədar prosedurlar da tamamlanacaq. Türkiyənin dərman, personal möhkəmlətməsi mövzusunda isə İsrail problem çıxarmayacaq.
Baş nazir Binali Yıldırımın açıqladığı xarici siyasətdə dəyişiklik sürətli başlayıb. Türkiyə və İsrail arasında "münasibətlərin normallaşması" müddəti iyunun 26-da ilk konkret meyvəsini verəcək. Tərəflər razılaşdıqlarını açıqlayacaq. İki ölkə xarici işlər nazirləri tərəfindən iyul ayında imzalanması planlaşdırılan razılaşma prosesi başlayacaq. Razılaşmaya görə Qəzzada xəstəxanadan sonra, enerji stansiyası və su təmizləmə stansiyası da inşa ediləcək.
İsrail diplomatik münasibətlərin bərpası üçün Türkiyənin irəli sürdüyü əsas tələbləri - Türkiyədən üzr istəmək, həlak olan 9 nəfərin ailələrinə təzminat ödəmək tələblərini artıq yerinə yetirib. Məhz bunun ardınca Cenevrədə baş tutan ikitərəfli danışıqlarda yerdə qalan ikinci dərəcəli məsələlərin müzakirəsi başlayıb. Bu arada yüksək çinli İsrail rəsmilərindən biri iki ölkə arasında diplomatik münasibətlərin tam bərpasını nəzərdə tutan sənədin ratifikasiyasının Türkiyənin yeni baş nazirinin seçilməsindən az sonra reallaşacağını bildirmişdi. Yeni baş nazir Binali Yıldırım da İsraillə əlaqələrin normallaşmasının vacibliyini qeyd edib.
2010-cu il mayın 30-da İsrail donanması tərəfindən “Mavi Mərmərə” gəmisinə edilən əməliyyatda 9 nəfər həyatını itirmişdi. Gəmi Qəzzaya humanitar yardım aparırdı.


Şərhlər