Bu işdə nə isə var...

XeyberXeybər Göyyallı

Deyəsən, qısamüddətli aprel döyüşləri iyirmi beş illik Qarabağ danışıqlarında dönüş yaradıb. Belə deməyə son ayyarımda intensivləşən danışıqlar əsas verir. Torpaqlarını itirmiş Azərbaycanın erməni tərəfinin atəşkəsi pozmasına apreldə lokal şəkildə cavab verməsi ATƏT-in Minsk qrupunun hər üç üzvünü - ABŞ, Fransa və Rusiyanı bərk narahat elədi. Onlar erməni tərəfinin bu cür qısa müddətdə biabırcasına məğlub olacağını gözləmirmişlər. Yəqin, elə bu səbəbdən tələm-tələsik döyüşləri dayandırdılar və çoxdan fasilə verilmiş danışıqları operativ formada bərpa etdilər.(Onsuz da, Azərbaycan tərəfi həmişə problemin danışıqlar yolu ilə həllinə tərəfdar olub).

Atəşkəsin tələm-tələsik bərpa olunmasında Rusiya tərəfi xüsusilə fəallıq göstərmişdir. Düzdür, Rusiya Qarabağ məsələsində həmişə fəallığı ilə seçilib. Amma bu mərhələdə daha çox üstünlük qazandı.

Bu ərəfədə Almaniya kansleri Angela Merkel də açıq mətnlə vurğuladı ki, “Qarabağ probleminin açarı Rusiyadadır. Dünyanın fövqəldövləti sayılan ABŞ da bəyan etdi ki, Qarabağ məsələsinin həllində yüzdəyüz Rusiya ilə həmfikirdir. Bunu Azərbaycanda uşaqdan-böyüyə hamı əlinin içi kimi çoxdan bilirdi ki, Qordi düyününə çevrilmiş Qarabağ məsələsinin həlli yalnız Rusiyadan asılıdır. Çünki erməniləri nəinki Qarabağda, bütöv Qafqazda Rusiya möhkəmləndirib. Qarabağ probleminin çikini-bikini də Rusiyadan yaxşı bilən yoxdur. Problemin yaranmasında Rusiyanın vaxtilə “xüsusi əməyi” olub.

Qarabağ danışıqlarının bütün təfərrüfatları hələlik tam bəlli olmadığından Rusiyanın bu üstünlüyü qazandığını, yoxsa məqsədli şəkildə ona verildiyini söyləməyə çətinlik çəkirik. Bəlkə də, dünyada və postsovet məkanında Rusiyanın düşdüyü siyasi durum onu Qarabağ probleminin həllində fəal olmağa sövq edir. Krım məsələsindən sonra beynəlxalq arenada Rusiyaya qarşı münasibət birmənalı deyildir. Bir qədər də başqa cür desək, Qərbin Rusiyaya qarşı münasibəti yüz səksən dərəcə dəyişibdir. Çox güman ki, belə olduğundan Rusiya postsovet məkanında az da olsa nüfuzunu bərpa etməyə çalışacaqdır.

Bütün məqamlarda nüfuz qazanmağın yolu yalnız ədalətdən keçir. Rusiya postsovet məkanında nüfuzunun qayğısına qalmaq istəyirsə, məsələlərə yalnız ədalətlə yanaşmalıdır. Əksinə olacaqsa, olan-qalan nüfuzunu da itirəcəkdir.

Rusiyanın indiki mərhələdə Qarabağ məsələsində nə qədər səmimi olduğu yaxın günlərdə bilinəcəkdir. İndiki məqamda yalnız onu qəti şəkildə deyə bilərik ki, Putinin bir kəlməsi ilə erməni işğalçıları işğal olunmuş Azərbaycan torpaqlarından sakitcə çıxıb gedərlər. Çıxmaya da bilməzlər. Əsla, nəm-nüm etməzlər. Axı ermənilər çox yaxşı bilir ki, Qarabağ torpaqlarını kimlərin sayəsində ələ keçiriblər. Erməni işğalçılarının gəldikləri yerə qayıtmaları Putinin bircə kəlmə “çıxın gedin!” deməsindən asılıdır. Belə olduqda onların başqa çıxış yolu qalmır. Onlar durub ağalarının sözünün qabağında söz deyəcəklər?! Onlar ağalarına yox, xislətlərinə çox sadiqdirlər. Ağalarının üzünə qarşı söz deməzlər, arxada isə bütün mənfur işlərə qol qoyarlar.

Bu yazının əsl mətləbinə indi gəlib çıxdıq. İyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüş başa çatar- çatmaz Fransanın Ermənistandakı səfiri ekspromt bir bəyanat verdi ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək istəyir. İndi şübhələnməyib nə edəsən?! Fransa boş yerə narahat olmaz. Yəqin, Putinin mövqeyi erməniləri qorxuya salıb ki, fransızları yenidən məsələyə qatırlar. Qonşularımızın xarakterinə yaxşı bələd olduğumuzdan adam şübhələnir ki, yenə burada bir erməni məkri gizlənibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar