Menu

Pərviz Həşimova işgəncə verirlər? - Vəkildən SOS

23.09.2013, 18:41
Pərviz Həşimova işgəncə verirlər? - Vəkildən SOS

"Ombudsmandan və Elçin Behbudovdan xahiş edirəm ki, təcili MTN-ə gedib Pərviz Həşimovla görüşsünlər"

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimlinin vəkili Elçin Sadıqovun bu gün onunla görüşmək cəhdi baş tutmayıb. Bu barədə vəkilin özü məlumat yayıb.

AzPolitika.info-nun məlumatına görə,  E.Sadıqov Facebook-da bununla bağlı yazıb:

"Bu gün saat 16.00-da Pərviz Həşimov ilə görüşmək üçün MTN-ə getmişdim. Birinci girişdən daxil olub MTN-dəki istintaq təcridxanasına yaxınlaşdım. İstintaq təcridxanasından bildirdilər ki, Pərviz Həşimovu müstəntiqin yanına aparıblar. Qayıtdım girişə və xahiş etdim ki, mənə istintaqa, müstəntiqin yanına girməyim üçün sənəd versinlər. Mənə bildirdilər ki, müstəntiqin yanına getmək üçün istintaqın rəisi M.Şıxəliyev məktub verməlidir. Həmin giriş otağından əvvəl müstəntiq Elşən Murtuzova, daha sonra isə Samir Əliyevə və Sahib Ələkbərova dəfələrlə zəng etdim. Lakin, heç biri telefonu götürmədi. Nəhayət müstəntiq Elmar dəstəyi götürdü. Ona mənsiz Pərviz Həşimovun  müstəntiqlər tərəfindən dindirilməsinin qanunsuz olduğunu bildirdim. O, mənə bildirdi ki, Elşənlə danışıb giriş otağına zəng edəcək. Təxminən 30 dəqiqə gözlədim, lakin zəng gəlmədi. Daha sonrakı zənglərimə heç kim cavab vermədi. Müstəntiqlərin Pərviz Həşimovu mənsiz dindirmələri ona işgəncə verməklə istədikləri ifadəni almaq barədə ehtimalları gücləndirir. Ombudsmandan və Elçin Behbudovdan xahiş edirəm ki, təcili MTN-ə gedib Pərviz Həşimovla görüşsünlər."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol