Aqil Abbas Ərdoğandan böyük siyasətçidir!

XeyberXeybər Göyyallı

Türkiyə prezidenti Ərdoğan Rusiyadan üzr istədi. Özü də çox nüfuzsuz şəkildə. Elə bildi ki, məktubla üzr istəməsindən heç kəs xəbər tutmayacaq.

Üzr istəmək, bəlkə də, olardı, elə SU-24 təyyarəsi vurulan günün səhərisi. Heç təyyarə vurulmaya da bilərdi. Amma məktubla Putindən bu gün üzr diləyən Ərdoğan təyyarə vurulanda gur-gur guruldayan Ərdoğan deyil. Belə siyasət olmaz.

Türkiyə Cümhuriyyətinin tarixində bu cür qaba siyasət hələ görünməyib. Türkiyə bu gün aparılan daxili və xarici siyasətin ağrılarını yaşayır. Lap sadə dillə desək, Türkiyə regiondan və dünyadan uzaqlaşıb, tək-tənha yaşayır. Aparılan siyasət nəticəsində Türkiyə region dövlətləri ilə düşmən bir ölkəyə çevrilib. Hələ bir–iki il əvvəl Ərdoğan dünyanın idarəedilməsində xüsusi çəkisi olan yəhudilərlə münasibəti pozdu. Suriya prezidenti Bəşər Əsədlə hələ də qanlı düşməndir. Əslində, Suriyanın unitar dövlət olması bütün parametrləri ilə Türkiyə üçün əlverişlidir. İraqda gedən prosesləri məqamında qiymətləndirmədiyindən bu gün orada, Türkiyənin sərhədlərində kürd muxtariyyəti qurulub və Türkiyə hökuməti də onunla siyasi və iqtisadi münasibətlər qurur. Eyni ssenari bu gün Türkiyənin Suriya ilə sərhədlərində də gedir. Böyük ehtimalla demək olar ki, Qərbin layihəsində Türkiyənin Suriya ilə sərhədində daha bir kürd muxtariyyətinin araya-ərsəyə gətirilməsi də vardır. Bütövlükdə isə Türkiyə ərazisi PKK terrorçularının hücumuna məruz qalıb, hər gün ölkə şəhid verir (Ərdoğan Türkiyənin Baş Naziri kimi geniş səlahiyyətlərə malik olanda böyük əksəriyyətin irəli sürdüyü mülahizələrin əleyhinə olaraq deyirdi :”kürd açılımı”ilə problemi həll edəcəkdir). Səbəb çox sadədir: Türkiyə bir dövlət kimi mənəvi və siyasi dayaqlarından sapdırılıb. Bu da təsadüfi olmaz, yəqin, burada hədəflənmiş uzaq məqsədlər vardır.

Türkiyəni Birinci Dünya Müharibəsində parçalanmaqdan, bir dövlət kimi dünya xəritəsindən silinməkdən xilas etmiş Atatürk və onun qoruyub saxladığı, uca millətinə ərmağan qoyub getdiyi mənəvi dəyərlər məqsədli şəkildə sıradan çıxarılır. Bu gün Türkiyədə millət yerinə, ümmət yetişdirilir. Mənə çatan şifahi informasiyalara görə, bugünkü Türkiyədə dindar kəsimə məmur pilləsində daha çox önəm verilir (Mən əsla dinin əleyhinə deyiləm). Ancaq unutmayaq ki, milli hisslərin öləziməsi ən qüdrətli dövlətləri çökdürür. Məhz bu səbəbdən Türkiyə problemlərin məngənəsində dörd tərəfdən sıxılır.

... Çoxlarının yadında olar, Rusiyanın SU-24 təyyarəsi vurulanda millət vəkili, yazıçı-publisist Aqil Abbas tək-tək adamlardan oldu ki, Türkiyənin səhv etdiyini, eyforiyaya qapıldığını bəyan etdi. Zaman (özü də çox qısa bir müddət) göstərdi ki, Aqil Abbas nə qədər haqlı imiş. İndi bu məqamda tam cəsarətlə deyə bilərik ki, Aqil Abbas Ərdoğandan böyük siyasətçi imiş. Çünki dünyanın ən emosional adamlarından biri olan Aqil Abbas soyuq başla demişdir ki, Türkiyə Rusiya təyyarəsini vurmalı deyildi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar