Bir neçə gün bundan əvvəl «Exo Moskvı» radiosunun saytında rusiyalı bloqçu İlya Varlamovun olduqca maraqlı bir «reportaj»ına rast gəldim. Yazı, özündən də maraqlı və ibrətamiz bir kompozisiya ilə uzlaşdırılıb. Azərbaycan cəmiyyəti üçün müstəsna aktuallığını nəzərə alaraq, yazını dilimizə çevirib, Artur hökumətinin və hörmətli oxucuların diqqətinə çatdırmağı vətəndaş borcu bildim. Başqa sözlə, «Qızım, sənə deyirəm - gəlinim, sən eşit...»

***

Gəlin, müasir yaşayış sahəsindən danışaq. Hər dəfə - mən sizlərə göstərəndə ki, «çürümüş Qərb»də müasir yaşayış sahəsini necə tikirlər? - siz, mənə izah edirsiniz ki, nə üçün bizlər də eləcə tikə bilmirik? Sadəcə izah etmirsiniz, görünməmiş aqressivlik və əminliklə məni mümkün ola biləcək bütün arqumentlərlə «topa tutursunuz». İnsanların əksəriyyəti özünün betondan tikilmiş və ölkə boyu «nəsil artıran toyuq hini»ni hansısa bir «dini sədaqət»lə müdafiə etməyə girişir və sübut etməyə çalışır ki, bu, yeganə düzgün yoldur - hələ 1970-ci illərdə bütün dünyada layihələşdirməyə bu cür yanaşmanın yanlış hesab edilməsinə baxmayaraq. Belə tikilmiş rayonların uğursuz «getto»ya çevrildiyinə bir qalaq dəlil-sübutun olmasına baxmayaraq...

Mən deyirəm:

- Baxın, necə yaşamaq olur!

- Sus! Bizdə belə mümkün deyil! - deyə, cavab verirsiniz.

- Necə yəni mümkün deyil? Nə üçün? - soruşuram.

- Bizdə ilin 12 ayı qış olur!

- Nə osun ki? Bu, o demək deyil ki, şəhərlər, yaşayış rayonları rahatsız olmalıdır.

- Sən bir bax, bizdə nə qədər insan yaşayır, onlarda nə qədər?! Bizdə belə mümkün deyil!

Bizdə nə qədər, onlarda nə qədər insanın yaşadığına baxıram. Məsələn, İsveçin 500 min əhalisi olan Göteburq şəhərində yeni salınmış rayonlara baxıram...

Mən, orta mərtəbəli kvartal tikintisini görürəm, mən maşın dayanmamış yaşıl həyətləri görürəm, mən təhlükəsiz küçələri görürəm.

Sonra isə elə o qədər əhalisi olan Orenburq şəhərinə baxıram.

Mən, yeni mikrorayonları görürəm ki, burada 1980-ci illərin köhnəlmiş layihələri əsasında 20 mərtəbəli beton inkubatorlar «yapılır». Həmin inkubatorları artıq indidən - hələ əhali məskunlaşmamış sökmək lazımdır. Bu binalar insan həyatı üçün təhlükədir!

Amma orenburqlular mənə sübut etməyə çalışırlar ki, onlarda heç nə alınmaz: Burada o qədər insan yaşayır ki, onları yalnız belə «qarışqa yuvaları»nda məskunlaşdırmaq olar.

Bax, bu isə Kopenhagendir - demək olar, Orenburq kimidir - əhalisi 600 min nəfərdir.

Nəyə görəsə, Kopenhagendə 20 mərtəbəli «qarışqa yuvası» tikmirlər. Amma Danimarkanın sahəsi Rusiyanınkından 10 dəfələrlə azdır. Qənaət edə bilərdilər...

Onlarda beton keçidli normal profilli, düzgün trotuarlı və maşın saxlamaq üçün xüsusi sahəsi olan küçələr salmaq mümkün olur. Danimarkalılar bir-birlərini sevirlər və istəyirlər ki, hamı normal şəraitdə yaşasın. Nə üçün belə keçidləri və yolları məsələn, Omskda tikmək mümkün olmur?

Vladimirdə - 300 min əhalinin yaşadığı şəhərdə də Orenburqdakı kimi tikirlər.

Qədim rus şəhəri... Və beləcə... Nə üçün belə ola bilir?

Bax, bu da Amsterdam! Əxlaqsızlığın paytaxtı. Gey-paradlar, marixuana, qədim peşə sahibləri... dəhşət! Amsterdamda 1 milyon əhali yaşayır. Hollandiyada torpaq çatışmır, onlar hətta həmişə nə isə tökərək, dənizdə də quru torpaq hissəsi yaradırlar. Bax burda dəqiq, yeni mikrorayonlar tikmək lazımdır!

Amma yox...

Burda da bizdəki kimi tikmirlər...

Amma yarım milyon insanın yaşadığı Çelyabinskdə tikirlər! Üstəlik də necə tikirlər?...

Sadəcə, cansıxıcı mikrorayonlar...

Normal infrastrukturdan məhrum, normal abadlıqdan məhrum! Sadəcə, bir quşçuluq fabriki...

Münhendə 1,4 milyon əhali yaşayır. Mən oradan bu günlərdə qayıtmışam. Bütün şəhərətrafı əraziləri gəzmişəm və onların tikdiyi yeni yaşayış rayonlarına baxmışam.

Münhen - demək olar Krasnoyarsk kimidir. Amma Münhendə də nə üçünsə orta mərtəbəli, normal həyətli, normal küçələri olan yaşayış sahələri tikirlər.

Burada heç kimin ağlına gəlməz ki, bu gün Krasnoyarskda tikilən kimi tiksinlər.

Krasnoyarskda isə asanlıqla tikirlər...

Bax, bütün bu dəhşətlər...…

Baxın, 3,5 milyon əhalisi olan Berlində yeni yaşayış sahəsini necə tikirlər...

Piterdə «podyezd»lər nə gündədir...

Şərqi Berlində - Piterdəki binalar kimi tikilmiş evlərin girişləri («podyezd»ləri) bu gün belə görünür:

Həm də Berlinin büdcəsi də elə Piterinki qədərdir. Bax, onlarda adi 5-mərtəbəli bina belə görsənir:

Nə üçün istəmirsiniz ki, bizdə də normal yaşayış sahəsi tiksinlər? Bizdə düzgün küçə layihələşdirsinlər, rahat həyətlər, yaxşı ictimai ətraf mühit yaratsınlar?...

Sanki hər şey yaxşıdır. Amma pəncərədən baxın - pəncərənin o tərəfində fəlakətdir! Bu gün bizim tikdiyimizi, hələ oraya insanlar məskunlaşmadan, söküb dağıtmaq lazımdır. Amma biz, problemi heç gözümüzün ucu ilə də görmürük...

Siz nə üçün ruslara nifrət edirsiniz?! Nə üçün onların normal yaşamasını istəmirsiniz?

Ruscadan çevirdi:

Mirzə AĞ

AzPolitika.info