Azərbaycanda 2027-ci ildə bütün köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Doğrudur, bu, öz-özlüyündə yaxşı təşəbbüsdür və şəhərin ümumi mənzərəsinə, eləcə də sərnişinlərin rahatlığına müsbət təsir edəcək.
Ancaq vətəndaşları bir sual da düşündürür. Bütün köhnə avtobusların yenilənməsi, marşrutlarda gedişhaqqını artıra bilərmi? Eyni zamanda yeni avtobusların xəttə buraxılmasından sonra intervalda gecikmə məsələsi, sərnişinlərin dayanacaqlarda uzun zaman qalması və sıxlıq problemi həll ediləcəkmi?

Mövzunu "Azpolitika"ya şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda 2027-ci ildə köhnə avtobusların yeniləri ilə əvəzlənməsi ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi baxımından müsbət addımdır: "Yeni avtobuslar sərnişinlərin rahatlığını, təhlükəsizliyini və xidmət səviyyəsini yaxşılaşdıra bilər. Lakin burada əsas məsələ yalnız nəqliyyat vasitələrinin yenilənməsi deyil. Bu prosesin gedişhaqqına və marşrutların fəaliyyətinə necə təsir edəcəyidir.
Avtobus parkının yenilənməsi müəyyən maliyyə xərcləri yaradır. Yeni nəqliyyat vasitələrinin alınması, texniki xidməti, ehtiyat hissələri və digər istismar xərcləri daşıyıcıların maliyyə yükünə təsir göstərə bilər. Ancaq bu xərclərin avtomatik olaraq gedişhaqqının artırılmasına səbəb olacağını demək düzgün sayılmaz. Tariflərin dəyişməsi dövlətin nəqliyyat siyasətindən, daşıyıcıların xərclərinin necə maliyyələşdirilməsindən, sərnişindaşımanın rentabelliyindən və müvafiq tarif qərarlarından asılıdır. Əgər yenilənmə dövlət dəstəyi və ya digər maliyyələşmə mexanizmləri hesabına həyata keçirilərsə, əlavə xərclərin sərnişinlərin üzərinə düşən hissəsini məhdudlaşdırmaq mümkündür".
Ekspertin sözlərinə görə, digər vacib məsələ avtobusların intervalı, dayanacaqlarda gözləmə müddəti və sıxlıq problemidir: "Köhnə avtobusların yeniləri ilə əvəzlənməsi özlüyündə bu problemləri həll etmir. Bunun üçün marşrutlarda avtobusların sayının sərnişin tələbatına uyğun müəyyənləşdirilməsi, hərəkət cədvəllərinə əməl olunması, pik saatlarda əlavə nəqliyyat vasitələrinin xəttə buraxılması və marşrutların səmərəli idarə edilməsi lazımdır. Əgər yeni avtobuslarla yanaşı, marşrut şəbəkəsi də təkmilləşdirilsə, reyslərin sayı artırılsa və hərəkət intervallarına real vaxt rejimində nəzarət gücləndirilsə, sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsi və avtobuslarda sıxlıq əhəmiyyətli dərəcədə azala bilər. Əks halda, nəqliyyat vasitələrinin yenilənməsi daha rahat səfər imkanı yaratsa da, gündəlik problemlər qalmaqda davam edəcək.
Nəticə etibarilə, 2027-ci ildə avtobus parkının yenilənməsinin əsas göstəricisi təkcə köhnə nəqliyyat vasitələrinin sıradan çıxarılması deyil, sərnişinlərin daha az gözləməsi, rahat və vaxtında mənzil başına çatması olmalıdır. Gedişhaqqının artıb-artmayacağı isə yenilənmənin maliyyələşmə modelindən və tarif siyasətindən asılı olacaq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər