Menu

Prezident daha güclü silahların alındığını açıqladı - “Zərbə” artıq hazırdır!

11.07.2016, 21:49
Prezident daha güclü silahların alındığını açıqladı - “Zərbə” artıq hazırdır!

Xəbər verildiyi kimi dünən iyulun 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclas keçirib. Virtualaz.org xəbər verir ki, bu dəqiqələrdə Dövlət Televiziyası iclasın videoçəkilişini – prezidentin giriş nitqini yayıb.

Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə geniş yer verib. Bildirib ki, danışıqlar prosesi son aylar he vaxt görünməmiş səviyyədə intensivləşib. İlham Əliyevin sözlərinə görə, əvvəllər danışıqlarda Dağlıq Qarabağın statusuna dair “müəyyən planlar” irəli sürülürdü. İndi isə beynəlxalq birlik Azərbaycanın mövqeyi ilə hesablaşır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Dağlıq Qarabağ heç vaxt müstəqillik statusu ala bilməz.

Prezident bildirib ki, Ermənistanın danışıqları yenidən pozmaq üçün cəbhədə təxribatlara əl atması istisna deyil. Necə ki, 2014-cü ilin payızında Parisdə aparılmış danışıqlardan sonra onlar təxribata əl atdılar və cəmi bir həftə sonra işğal altındakı ərazilərdə irimiqyaslı təlimə başladılar. İlham Əliyev xatırladıb ki, 2015-ci il Ermənistanın hərəkətləri üzündən danışıqlarda itirilmiş il oldu. Və bu ilin aprelində Ermənistan təmas xəttində yenidən təxribata əl atdı və cavabını aldı.

İlham Əliyev qeyd edib ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinə ümid edir və son vaxtlar bu ümidlər bir qədər artıb. Lakin Azərbaycan hərbi potensialını da gücləndirməkdə davam edəcək. Prezidentin sözlərinə görə, aprel döyüşləri Azərbaycan ordusunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olduğunu göstərib. İlham Əliyev vurğulayıb ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu daha da güclü silah sistemləri əldə edib və bu proses davam etməkdədir.

Nazirlər Kabinetinin lin birinci yarısının yekunlarına həsr edilmiş iclasında müdafiə sənayesi naziri Yavər Camalov da çıxış edib.Nazir çıxışında Azərbaycan ordusunun aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan bir çox silahlardan və döyüş sistemlərindən də uğurla istifadə etdiyini bildirib. Yavər Camalov deyib ki, bura tank əleyhinə qumbaraatanlar, müxtəlif çaplı minaatanlar, müxtəlif çaplı mərmilər, o cümlədən düşmən mövqelərinin yerini müyyənləşdirən pilotsuz uçan aparatlar daxildir.

Nazir çıxışında Müdafiə Sənayesi Nazirliyinin bir sıra yeni hərbi texnika və silahların istehsalına hazırlaşdığını da bildirib. Bura ilk milli zirehli döyüş texnikası da daxildir. Yavər Camalov Azərbaycanın müdafiə sənayesinin istehsalı olan ilk milli zirehli döyüş texnikasının bu ilin payızında Bakıda keçiriləcək sərgidə nümayiş etdiriləcəyini deyib.

Nazir bildirib ki, aprel döyüşlərindən sonra prezident “Zərbə” pilotsuz döyüş sistemlərinin istehsalının təşkil edilməsinə dair göstəriş verib. “Cənab prezident, sizin bu göstərişiniz artıq yerinə yetirilib və “Zərbə” pilotsuz döyüş sistemləri artıq hazırdır, sınaqlardan keçir, yaxın vaxtlarda ordunun sərəncamına veriləcək”-nazir deyib. Yavər Camalov əlavə edib ki, Azərbaycanın istehsalı olan “Zərbə” pilotsuz döyüş sistemləri düşmən hədəflərini havadan izləməklə yanaşı istənilən vaxt ona dağıdıcı zərbə endirə biləcək və ermənilərin qorxulu röyasına çevriləcək.

Xatırladaq ki, Azərbaycan aprel döyüşlərində İsraildən alınan “Harop” pilotsuz döyüş sistemlərini tətbiq edib və bu silahın tətbiqi erməni ordusunda ciddi panika yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol